Qarabağdakı separatçı qurumun qondarma “xarici işlər nazirliyi” atəşkəs öhdəliklərini təsdiqləyən üçtərəfli sənədin imzalanmasının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda iddia edilir ki, guya 26 il əvvəl - 26-27 iyul 1994-cü il tarixində “Artsax Respublikası”, Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə atəşkəs öhdəliklərini yerinə yetirməkdə qərarlı olduqlarına dair üçtərəfli saziş imzalayıblar. Burada söhbət 12 may 1994-cü ildə atəşkəsə dair əldə olunan sazişin öhdəliklərinin təsdiq olunmasından gedir: “Bu üçtərəfli sənəd, habelə 12 may 1994-cü il tarixli müqavilələr və atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında 6 fevral 1995-ci il razılaşması Azərbaycan-Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini tapması üçün lazımi şərait yaratdı. Eyni zamanda, sülh prosesinin əsasını təşkil edir. Prosesin təkcə Azərbaycan-Qarabağ münaqişəsinin həlli üçün deyil, həm də, bütövlükdə, Cənubi Qafqazda regional təhlükəsizliyin təmin edilməsi üçün əsas elementləri olaraq, bu razılaşmalar, üçtərəfli danışıqlar formatının səmərəliliyinin ən yaxşı sübutudur”.
Hər zaman olduğu kimi, erməni tərəfi yenə də saxtakarlıqla məşğuldur. Məsələ ondadır ki, separatçı qurum Qarabağ danışıqlarında heç vaxt tərəf olmayıb. Birinci Qarabağ müharibəsinin ən çətin dönəmlərində belə, separatçı qurumun danışıqlarda tərəf olmasından söhbət getməyib.
“Belə bir şey baş versəydi, o zaman ortada fakt olardı”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, separatçı qurumun atəşkəsin təsdiqlənməsi ilə bağlı “üçtərəfli saziş”dən danışması cəfəngiyyatdır: “1994-cü ilin mayında atəşkəslə bağlı Bişkek protokolu imzalananda orada ATƏT tərəfindən münaqişənin iştirakçıları Azərbaycanla Ermənistan adlandırılıb. Qondarma “DQR” nə o zaman, nə də ondan sonra hansısa tərəf olmayıb ki, nəyisə imzalasın. Yanaşma belə olmuşdu ki, danışıqların hansısa mərhələsində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmaları iştirak edə bilərlər. O da qeyd olunub ki, sözügedən icmalar birlikdə prosesdə iştirak edə bilər. Çünki Dağlıq Qarabağ təkcə erməni icmasından ibarət deyil. O üzdən, guya “Artsax”ın hansısa üçtərəfli sazişdə iştirak etməsi barədə deyilənlər cəfəngiyyatdır. Sadəcə olaraq bu, erməni tərəfinin növbəti saxtakarlığıdır. Onlar bununla istəyirlər ki, 26 il əvvəl gedən prosesləri başqa formada təqdim etsinlər. Belə bir şey baş versəydi, o zaman ortada fakt olardı. Bu cür fakt isə yoxdur”.
Bəlli olur ki, Ermənistan tərəfi bir sıra məsələləri saxtalaşdırmaqla Qarabağ danışıqlarının məzmunu ilə bağlı çaşqınlıq yaratmaq istəyir.
Vidadi ORDAHALLI