Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə məlumat verilib. Görünən budur ki, yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.
Artıq bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Elan olunan dəstək proqramlarından biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək olacaq. Hökumətin bu diqqətini necə dəyərləndirə bilərik?
Məhərrəm Zülfüqarlı:“Dövlətimizə xüsusi təşəkkür etməliyik ki, bu cür ağır dönəmdə yalnız cari məsələləri deyil, gələcəklə bağlı olan sahələri də nəzərə alır”
arix üzrə fəlsəfə doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür dəstək proqramları həm də postpandemiya dövründə inkişafa hesablanıb. Çünki təhsilə göstərilən dəstək, qoyulan investisiya heç vaxt itmir. Mövcud şərait öz unikallığı ilə seçilir və qeyri-müəyyənlik elementlərinə malikdir. Azərbaycanda qərarların vaxtında verilməsi mümkün təsir ssenarilərdən ən yumşağına istiqamətlənməyə imkan yaradıb. Verilən qərarlarda həm çeviklik, həm keyfiyyət ön plana çıxıb. Buna görə də Azərbaycan hökuməti dəstək proqramlarını “böhrandan sonrakı vəziyyətimiz necə olmalıdır və hansı şərtlərə cavab verməlidir” sualını əsas götürərək hazırlayıb. Təhsillə bağlı məsələ çox önəmlidir. Bunun Azərbaycan vətəndaşına, ölkənin gələcəyinə və təhsilinə verilən önəm kimi qiymətləndirirəm. Azərbaycanda bir çox ailələr övladlarının təhsil haqlarını ödəməkdə çətinlik çəkirdi. Bura sosial təminatı aşağı olan ailələri aid edə bilərik. Təbiidir ki, pandemiya dönəmində onların ödəmə qabiliyyəti daha da çətinləşə bilər. Bu, müxtəlif kateqoriyalı ailələri əhatə edəcək. Məsələn, işsiz, ailə başçısı həbsdə olan ailələrin təhsil alan uşaqları da bu güzətdən yaralana biləcəklər. Buna görə dövlətimizə xüsusi təşəkkür etməliyik ki, bu cür ağır dönəmdə yalnız cari məsələləri deyil, gələcəklə bağlı olan sahələri də nəzərə alır”.
Məhəmmədəli QƏRİBLİ