Prezident İlham Əliyev "Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndiriləcək.
Prezident Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.
Sərəncamda Nazirlər Kabinetinə dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etmək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Prezidentə ildə iki dəfə məlumat vermək tapşırılıb. Sərəncamda deyilir ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir.
Bu baxımdan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin müasir standartlara uyğun əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi üçün zəruri sistem hazırlanıb və qəbul edilib.
Aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanmalıdır.
Eyni zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac var.
Bütövlükdə, sözügedən sərəncamın əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Dövlət qurumlarının faktiki olaraq qarşılıqlı nəzarət mexanizminin gücləndirilməsinə zəmin yaradacaq”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, elektron nəzarətlə bağlı Prezidentin sərəncamı mühüm əhəmiyyət kəsb edir: “Bu nəzarətin şəffaflaşdırılması istiqamətində atılan çox ciddi addımdır. Bu, ölkədə dövlət idarəçilik sistemində aparılan islahatların tərkib hissəsidir. Şübhəsiz ki, indiki şəraitdə bu faktın özü bir neçə istiqamətdə mühüm əhəmiyyətə malikdir. Bu, icra strukturlarının elektron hökumətə inteqrasiya prosesinə əsas verəcək. Eyni zamanda, bu prosesi aktivləşdirəcək. Dövlət qurumlarının faktiki olaraq qarşılıqlı nəzarət mexanizminin gücləndirilməsinə zəmin yaradacaq. Hesab edirəm ki, Prezidentin bu sərəncamı önəmli bir qərardır. Fikrimcə, bu addım xərclərin optimallaşdırılmasına da öz töhfəsini verəcək”.
Vidadi ORDAHALLI