Rusiya və Ermənistanda yaranan növbəti fikir ayrılığı yenidən bütün region üçün ciddi təhdid mənbəyinə çevrilib. Söhbət bu fikir ayrılığı nəticəsində “Metsamor” Atom Elektrik Stansiyasının (AES) qəzaya uğrama ehtimalının yüksəlməsindən gedir.
Qeyd edək ki, ekoloji cəhətdən təhlükəli “Metsamor” AES-in təmirə dayandırılması müddəti yenidən təxirə salınıb. “Rosatom Servis” şirkətinin baş direktoru Yevgeni Saltıkov qeyd edib ki, tezliklə Rusiya və Ermənistanın maliyyə nazirlikləri İrəvana bu məqsədlə verilən kreditlərin müddəti barədə hələ də razılığa gələ bilmir. “Metsamor” AES-in əsaslı təmirini həyata keçirəcək olan bu şirkət Rusiya hökumətindən 15 il müddətinə alacağı 270 milyon dollaradək kredit və 30 milyon dollar qrant hesabına fəaliyyət göstərməlidir. Bununla bağlı 2015-ci ildə saziş imzalansa da, ayrılan kredit tam təmir üçün yetərli deyil və üstəlik, erməni tərəfi bu krediti ödməkdə çətinlik çəkir. Ruslar isə əlavə kredit ayırmaqdan imtina edir. Qeyd olunur ki, bu stansiyada generatorların turbininin dəyişdirilməsi, nüvə reaktorunun metal divarlarının möhkəmləndirilməsi işləri aparılmalıdır. “Metsamor” AES-də ikinci enerji blokunun da istismar müddəti 2016-cı ildə başa çatıb.
Tərəflər arasında razılığın olmaması səbəbindən AES-in modernləşdirmə işlərinin qeyri-müəyyən müddətə təxirə salınması, əslində, düşmən ölkənin özündə də qorxu yaradır. “Rosatom Servis” şirkəti təmirin davamı üçün Ermənistan hökumətindən avans istəyir. Lakin Ermənistan hökuməti razılaşmır və rus tərəfi ilə kredit proqramının heç olmasa 2021-ci ilə qədər uzadılması istiqamətində danışıqlar aparır. 270 milyon dolların ödəniş müddəti 2019-cu ildə başa çatıb. Erməni jurnalistlər Ermənistan Ərazi İdarəetməsi və İnfrastrukturlar Nazirliyindən dəqiqləşdirməyə çalışıblar ki, “Metsamor” AES–in ikinci enerji blokunun modernləşdirilməsinin texniki işləri niyə həyata keçirilmir, gecikmələrin səbəbi nədir və rusların işlərin davam etdirilməsi üçün avans tələb etməsi doğrudurmu. Bir neçə gündən sonra Ermənistan Ərazi İdarəetməsi və İnfrastrukturlar nazirinin müavini Hakob Vardanyan aşağıdakı cavabı verib: “Bildiririk ki, Ermənistan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında “Ermənistan Respublikası ərazisində atom elektrik stansiyasının istismar müddətinin uzadılması işlərinin maliyyələşməsi üçün Ermənistan Respublikası hökumətinə dövlət ixracatı krediti verilməsi haqqında” 2015-ci ilin 5 fevral razılaşması ilə Rusiya Federasiyasından ayrılan 270 milyon ABŞ dolları kredit vəsaitlərinin istifadə müddəti 2019-cu il dekabrın 31-də başa çatıb. Kredit vəsaitlərinin istifadə müddətinin uzadılması və müvafiq dəyişikliklərin edilməsi məsələləri hazırda rus tərəfi ilə müzakirə mərhələsindədir. Ermənistan AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılmasına yönəlmiş işlər davam etdirilir”. Əslində, nazirlik etiraf edir ki, yarım ildən çox davam edən müzakirələr müqavilənin avtomatik olaraq uzadılması ətrafında heç bir müsbət nəticə verməyib. Beləliklə, təmir yarımçıq qalıb və bu da vəziyyəti gərginləşdirir. Artıq köhnəlmiş AES təkcə Ermənistana deyil, bütün regiona ciddi təhlükə mənbəyinə çevrilib.
Ermənistanda bu reaktorun nə dərəcədə təhlükəli olduğunu başa düşən və onun əleyhinə olan insanlar isə indidən həyəcan təbili çalır. Amma Ermənistan hökuməti bu təhlükəli stansiyanın fəaliyyətini dayandırmaqdan imtina edir. Bildirilir ki, Ermənistan özünün enerji tələbatının 40 faizini bu AES-dən alır. Bu durumda Ermənistan rəhbərliyi, yarana biləcək çox böyük təhlükəyə baxmayaraq, AES-in ömrünü uzatmağa çalışır. Amma təmir işlərinin dayanması stansiyada hər an dəhşətli qəzanın ola bilməsini istsina etmir.
Ermənistandakı “Metsamor” AES üçün ən təhlükəli digər məqam həm də onun seysmoloji cəhətdən çox həssas ərazidə yerləşməsidir. Məsələ burasındadır ki, müasir tələblər zəlzələ baş verən anda reaktorun ani dayandırılmasını nəzərdə tutur və bundan sonra təcili olaraq reaktorun soyudulması vacibdir. Bunu yaponlar “Fukuşima-1” AES-də həyata keçirə bilmədilər. Nəhəng sunami dalğaları buna imkan vermədi. Zəlzələ anında reaktor durdurulsa da, onu anında soyutmaq mümkün olmadığına görə partlayış baş verdi. “Metsamor” AES-də də reaktorun anında dayandırılması mümkün olsa da, reaktorun soyudulması üçün hazırlıq işləri yoxdur. Eləcə də “Metsamor” AES-də reaktor çox köhnə olduğuna görə qəza anında xaricə çıxan radioaktiv maddələrin qarşısını alacaq müvafiq avadanlığı, sızma müdafiəsi çox zəifdir. Belə bir vaxtda təmir işlərinin yarımçıq qalması vəziyyəti daha da ağırlaşdırır.
Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə təkcə Ermənistanın yox, digər region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz sayılır. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatların "Metsamor'' AES-in bağlanması ilə bağlı Ermənistana təziqlərini artırması vacib sayılır. Əks təqdirdə bunun kifayət qədər acınacaqlı nəticələrə gətirib çıxaracağı artıq sirr deyil.
Nahid SALAYEV