Məlum olduğu kimi, 16 mart 1921-ci ildə Rusiya ilə Türkyə arasında “Moskva müqaviləsi” imzalanıb. Hər dəfə 16 mart tarixində ermənilər xüsusi canfəşanlıqla həmin müqavilənin ləğvini tələb edirlər. Ən maraqlısı budur ki, əvvəllər müqavilə şərtlərinə görə türkləri lənətləyən ermənilər indi bu sıraya rusların da adını əlavə edirlər.
Onların aparıcı KİV-i yazır ki, 1921-1923-cü illərdə rus-türk birlikləri ermənilərə qarşı genosid həyata keçiriblər: “Bunun nəticəsində Şərqi Ermənistanda 300 min erməni öldürülüb, 500 mini isə deportasiya edilib”.
Ermənilər qeyd edirlər ki, Moskva və Qars müqavilələri dünyada imzalanan razılaşmaların reyestrinə daxil edilməyib və bu səbəbdən də onların ləğvi mümkündür. Maraqlıdır ki, ermənilər bu istiqamətdə nümayiş etdirdikləri yeni siyasətləri ilə öz müttəfiqləri olan rusları da düşmən saydıqları türklərlə eyniləşdirirlər. Bunu niyə edirlər və belə siyasətin nə kimi təsirləri ola bilər?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Moskva və Qars müqavilələrinin denonsasiya edilməsi təsadüfən gündəmə gətirilmir: “Moskva və Qars müqavilələri SSRİ süqut edənə qədər imzası olan tərəflər arasında qətiyyən müzakirə edilməmişdir. Ancaq 1991-ci ildən sonra xüsusən Ermənistan bu müqavilələrdən irəli gələn öhdəlikləri rəsmən tanımayıb və müqavilələrin denonsasiya edilməsini tələb edib.
Ermənilər Moskva və Qars müqavilələrinin ləğv edilməsini müqavilənin hüquqi olaraq 25 illik imzalandığını “təsdiq edən” arxiv sənədlərinə istinadən tələb etdiklərini bildirirlər. Onların iddialarına görə, Rusiyanın Türkiyə səfiri Vinoqradov 1925-ci ildə Türkiyə XİN-ə rəsmi məktub göndərərək, Qars və Moskva müqavilələrinin ləğv edilməsini tələb edib. Vinoqradov məktubda “Biz 25 il gözləyə bilmərik. Müqaviləni zəif olduğumuz zaman imzalamışdıq. Ancaq indi güclüyük və Ermənistan sərhədlərini yenidən bərpa etmək istəyirik” yazmış, İsmət İnönü isə “Yeni dövlət beynəlxalq öhdəliyi yerinə yetirməlidir. 25 il sonra, əlbəttə, Türkiyə bu bölgəni geri verəcək” - deyə cavab vermişdir. Ermənilər bu tarixin 1946-cı il 16 martda bitdiyini və tərəflərin müqavilələri uzatmaq üçün siyasi iradə göstərmədikləri üçün müqavilələrin hüquqi qüvvədən düşdüyünü bildirirlər. Əslində, müqavilənin neçə illiyinə bağlandığı haqda müqavilədə tarix göstərilməyib və bu, ermənilərin növbəti uydurmasıdır”.
“Ermənilərin Moskva müqaviləsi ilə bağlı xüsusi canfəşanlığı nəyə görədir” sualına ekspertin cavabı belə oldu: “Müqavilə 16 mart 1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanıb. Moskva müqaviləsinin 3-cü maddəsi: “İmza edən tərəflər, müqavilənin 1 (C) əlavəsində qeyd edilən sərhədləri ilə Naxçıvan kəsiminin qoruyuculuq haqqının heç bir zaman 3-cü bir tərəfə verməmək şərtilə Azərbaycanın himayəsində muxtar bir bölgə qurulması haqqında razılığa gəliblər”.
Moskva müqaviləsindəki bu hökm, Qars müqaviləsinin 1-ci və 5-ci maddələri gərəyincə Qars müqaviləsinin tərəfləri olan Türkiyə Cümhuriyyəti, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR tərəfindən də qəbul edilir.
Beləliklə, Moskva müqaviləsinin 3-cü maddəsi Türkiyə və Rusiyaya Naxçıvan üzərində qarantorluq haqqı verir və bu haqqı Ermənistan tanıyır. Bu səbəbdən də ermənilərin canfəşanlığı heç bir fayda verməyəcək”.
“Bu məsələdə rusların da adının hallandırılması ermənilərə niyə lazımdır” sualına isə H.Cabbarlı belə cavab verdi: “İkinci Dünya Müharibəsindən sonra Stalinin boğazlar məsələsini gündəmə gətirməsi istisna olmaqla, SSRİ-Türkiyə münasibətlərində ciddi gərginlik yaşanıb. Bu günə qədər Rusiya dövlət rəsmiləri Moskva və Qars müqavilələrinin təktərəfli olaraq denonsasiya edilməsi məsələsini gündəmə gətirməsələr də, bu məsələ Rusiyanın elm və siyasi dairələrində və sosial şəbəkələrdə son illər müzakirə edilir. Hələ ki, Moskva və Qars müqavilələrinin denonsasiya olunması üçün müqavilədə imzası olan tərəflərdən heç biri rəsmi olaraq bu barədə təşəbbüs göstərməyib. Ancaq bu o demək deyil ki, tərəflərdən hər hansı biri buna heç bir zaman təşəbbüs etməyəcək. Bu gün bölgədə təhlükəsizlik mühiti o qədər gərgindir ki, müqavilədə imzaları olan dövlətlərdən Rusiya və Ermənistan bunu edə bilər, xüsusilə də Rusiya.
Ermənistan bu məsələdə Rusiyanı təhrik edən siyasət həyata keçirir və ilk addımı Rusiyanın atmasını istəyir. Ancaq Ermənistan heç vaxt bunu təkbaşına etməyə təşəbbüs belə edə bilməz. Onların rusların da adını özlərinə qarşı “soyqırım” etməkdə hallandırmasının özlərinə böyük mənada ziyanı olacaq. Bu da onu deməyə əsas verir ki, Rusiya bu məsələdə Ermənistana heç vaxt dəstək ifadə etməyəcək”.
Məhəmmədəli QƏRİBLİ