Bu günlərdə Ukraynanın Odessa vilayətinin "Cənub" neft terminalında Azərbaycandan tankerlə gətirilmiş Belarusa çatacaq neft “Ukrtransnafta” dövlət neft nəqli şirkəti tərəfindən qəbul olunub. Şirkətin bununla bağlı yaydığı məlumatda qeyd edilir: “90 min ton həcmində “Azeri Light” markalı neft daşıyan ilk tankerin Yujne dəniz neft terminalında qəbuluna başlanılıb. Həmin neft daha sonra Odessa-Brodı neft kəməri və “Drujba” kəməri xətlərinin biri ilə Belarus neftayırma müəssisələrinə nəql olunacaq”.
Qeyd edək ki, Belarusa neft nəqli ilə bağlı xidmətlər “Ukrtransnafta” ilə “Belarusian Oil Company”nin törəmə şirkəti olan Böyük Britaniyanın “BNK Limited” şirkəti arasındakı müqaviləyə əsasən göstərilir. 2020-ci ilin sonunadək qüvvədə olan bu müqavilə Odessa-Brodı kəməri ilə və “Drujba” kəməri ilə Belarusun Mozir şəhərinə nəqlini nəzərdə tutur. Bundan əvvəl Belarusun “Belneftxim” dövlət şirkəti iki tankerlə 160 min ton neftin tədarükü haqqında SOCAR-la müqavilə imzaladıqlarını açıqlamışdı. Belarusdan olan ekspert Viktor Şadurski yaranmış durumda Azərbaycandan neft tədarükünün Belarus üçün çox əhəmiyyətli olduğunu bildirir: “Təchizatın diversifikasiyası və çoxvektorlu siyasət inkişafın açarıdır. İmtiyazlı tərəfdaşla danışıqlar apararkən həmişə seçim olmalıdır. Belarusun Azərbaycanla münasibətləri, o cümlədən neft sektorunda, həmişə əhəmiyyətli olub. Aydındır ki, Azərbaycandan alınan neft Rusiyadan baha başa gələcək. Ancaq bu, alternativ variantdır. Yeri gəlmişkən, Bakının Minskə təcili kredit verməsi ilə bağlı təcrübəmiz var. Həmçinin, əvvəllər neftin tədarükü üçün mübadilə sazişləri olub. Bu, Belarusa kömək edib. Buna görə də Azərbaycanla münasibətləri çox yüksək qiymətləndiririk. Bizim Azərbaycanla ortaq maraqlarımız çoxdur. Başqa cür ola da bilməz. Həmişə ortaq maraqları axtarmaq lazımdır”.
Qeyd edək ki, SOCAR mart ayında Belarusa təqribən 250 min ton neft göndərəcək. Belarusun “Belneftexim” konserninin təmsilçisi Aleksandr Tasınkı Azərbaycanın ölkəsinə neft satışının mühüm əhəmiyyət kəsb etdyini bildirir: “SOCAR-dan tədarükün həcmi mart ayında artıb, üçüncü tanker də olacaq. Göndəriləcək neftin ümumi həcmi təqribən 250 min tondur. Bu, zavodlarımız üçün planlaşdırılan tankerlərin son həddi deyil. Biz hazırda alternativ tədarükçülərlə işləyirik, şaxələndirmə davam edir. Kəmərlə çatdırılacaq neft indi treyder bazarına çıxarılıb. Təcrübə göstərir ki, bu gün treyderlərlə işləmək mümkündür. Bu, kifayət qədər çevik və operativ sistemdir”. Tədarükün şimal istiqamətinə, yəni Baltik limanlarına gəlincə, “Belneftxim”in nümayəndəsi qeyd edib ki, mart ayında iki tanker son hədd deyil, bu logistika sistemi ilə xammal tədarükünü davam etdirmək planlaşdırılır. Növbəti tankerlər, ehtimal ki, apreldə gələcək.
Aleksandr Tasınkı vurğulayır ki, Belarus həmişə çətin vaxtlarda Azərbaycana güvənib və Bakı da bu güvəni doğruldub. Hazırda Belarus ölkəmizdən daha böyük həcmdə neft alışında da olduqca maraqlıdır. Qeyd edək ki, bundan öncə “Belneftexim” konserninin rəhbəri Andrey Rıbakov bildirib ki, SOCAR 2020-ci il ərzində Belarusa ümumiyyətlə 1 milyon tona qədər neft tədarük edə bilər. Onun sözlərinə görə, həcmlər ildən-ilə artacaq. Həcmlər hər ay iqtisadi və maddi-texniki komponentlər əsasında müəyyənləşdiriləcək. Azərbaycan neftinin Belarusa tədarükü isə davamlı olacaq. Belarusun baş naziri Sergey Rumas isə vurğulayır ki, Minsk Azərbaycan neftinin tədarükü ilə bağlı uzunmüddətli müqavilədə maraqlıdır: “İnanıram ki, SOCAR belə əməkdaşlıqda maraqlı olacaq. Belarus və SOCAR uzun müddət neft bazarında çalışıb. 2011 və 2016-cı illərdə Belarus SOCAR-dan neft alıb, Azərbaycan tərəfi isə bu ölkədən neft məhsulları alıb. Sirr deyil ki, Belarus neft tədarükünün şaxələndirilməsi üzərində işləyir, bundan əvvəl nefti bütünlüklə Rusiya Federasiyasından alırdıq. Əlbəttə ki, alternativ neft tədarükü olmadan bu gün Belarusun enerji təhlükəsizliyindən danışmaq olmaz. Buna görə də bu sahədə uzunmüddətli müqavilələr bağlaya biləcəyiniz etibarlı tərəfdaşlar axtarmaq istəyirik. Təcrübə göstərir ki, SOCAR belə etibarlı tərəfdaş ola bilər”.
Bütün bunlar bir daha göstərir ki, Belarus Azərbaycanla əməkdaşlıqda xüsusi maraqlı tərəf kimi çıxış edir. Hadisələrin bu səpkidə inkiaşfından narahat olan əsas tərəflərdən biri isə Ermənistandır. Bu ölkənin “İrates” qəzeti yazır ki, Bakı və Minsk arasında dinamik inkişaf edən əməkdaşlıq İrəvan üçün həyəcan siqnalı olmalıdır: “Azərbaycan daim Belarusa dəstək ola biləcəyini göstərir. Təbii ki, bu vəziyyətdə Minsk Bakıya daha çox rəğöət bəsləyir. Elə buna görədir ki, Ermənistan Belarusla bir çox qurumlarda təmsil olunsa da, sonuncu üçün Azərbaycan daha vacib tərəfdaşdır. Burada təhdid yaradan məqamlardan biri budur ki, belə vəziyyətdə, Ermənistanın narazılığına baxmayaraq, Belarus Azərbaycana müasir silahlar verir. Artıq məşhur “Polonez” raketləri ilə bağlı bu hal özünü göstərib. O vaxt erməni tərəfinin narazılığı heç bir nəticə vermədi. İndi neft sövdələşməsinin dərinləşməsi fonunda isə Minsk ümumiyyətlə İrəvanı dinləməyəcək. Özü də unutmaq lazım deyil ki, Belarus yaxın tezlikdə daha sərrast “Polonez-2” raketlərini istismara verməyə hazırlaşır. Bu silahların da Azərbaycan ordusunda peyda olduğunu görəndə təəccüblənməyə dəyməz”.
Tahir TAĞIYEV