19/10/2019 22:27
728 x 90

“Zəlimxan Yaqub ədəbi düşüncədə” adlı kitabın IV cildi işıq üzü görüb

img

Bu günlərdə Xalq şairi Zəlimxan Yaqub haqqında növbəti kitab nəşr olunub. “3 saylı Bakı Mətbəəsi” ASC-də yüksək keyfiyyətlə işıq üzü görmüş kitab “Zəlimxan Yaqub ədəbi düşüncədə” adlanır. Xatırladaq ki, bu adda kitabın üç cildi hələ ölməz şairin sağlığında nəşr olunub.

Yeni işıq görən və 22 çap vərəqi həcmində olan bu kitab dördüncü cilddir və əvvəlki cildlərdə olduğu kimi, bu cilddə də tanınmış ictimai xadimlərin, şair və yazıçıların, ədəbiyyatşünas alimlərin Xalq şairinin sağlığında yazmış olduqları elmi-publisistik məqalələri və şairin son müsahibələri yer alıb.

Əvvəlki üç cilddə olduğu kimi,  “Zəlimxan Yaqub ədəbi düşüncədə”nin dördüncü cildinin də tərtibçisi və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Oxucular kitabda Xalq yazıçısı Anarın, akademik, millət vəkili Nizami Cəfərovun, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin, professorlar Qəzənfər Kazımov və İfrat Əliyevanın, digər elm və sənət adamlarının, ictimai xadimlərin ZəlimxanYaqub yaradıcılığı haqda düşüncələri ilə tanış ola biləcəklər.

Musa Nəbioğlu bildirib ki, bu kitab Xalq şairinin gələn il qeyd olunacaq 70 illik yubileyinə ilk töhfədir: “ZəlimxanYaquba dərin məhəbbətlə yazılan məqalələr cild-cild kitablara sığmaz və biz çalışacağıq ki, zaman-zaman bu işi davam etdirək ki, onun haqqında yazılmış heç bir məqalə, ona ithaf olunmuş heç bir şeir diqqətdən kənarda qalmasın”.

Xatırladaq ki, Zəlimxan Yaqub dünyasını dəyişəndən sonra ona olan məhəbbətin ifadəsi kimi yazılmış şeir və məqalələrdən ibarət “Zəlimxan özü var xatirələrdə” adlı kitab isə 2017-ci ildə yenə də Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun tərtibatı və redaktorluğu ilə çap olunub.

İradə SARIYEVA

Son xəbərlər