Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif edir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
“İqtisadi əməkdaşlığın səmərəliliyi birbaşa regionun nəqliyyat bağlantılarından asılıdır. Xarici bazarlara çıxış marşrutların etibarlılığı, daşımaların dəyəri və ölkələrimiz tərəfindən təqdim olunan tranzit şərtlərinin proqnozlaşdırıla bilməsindən asılıdır. Çin - Qazaxıstan - Özbəkistan dəmir yolunun tikintisi layihəsi strateji əhəmiyyət daşıyır. Onun həyata keçirilməsi ölkələrimizin beynəlxalq istehsal və nəqliyyat əlaqələrinə qoşulması üçün əlavə imkanlar yaradacaq. Artıq indidən bu dəmir yolunun Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz üzərindən keçən mövcud və perspektiv marşrutlarla əlaqələndirilməsi məsələsini nəzərdən keçirmək vacibdir. Təklif edirəm ki, dövlətlərimizin nəqliyyat qurumlarına daşıyıcılarla birgə vahid tariflər, qrafiklərin əlaqələndirilməsi, boşdayanmaların azaldılması və yüklərin rəqəmsal müşayiəti ilə bağlı praktiki həllər hazırlamaq tapşırılsın”, - deyə o qeyd edib.
Japarov vurğulayıb ki, əsas meyar ölçülə bilən nəticələr - çatdırılma xərclərinin və yolda sərf olunan vaxtın azaldılması olmalıdır.
“Bununla yanaşı, hər bir ölkə regional nəqliyyat layihələrində tamhüquqlu iştirak etmək və onlardan iqtisadi fayda əldə etmək imkanına malik olmalıdır”, - deyə o əlavə edib.