Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 8-də "Avaza"da keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
“Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun əsas rolunun artırılmasına töhfə verəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Son illərin dinamikası çox vaxt Orta və ya Mərkəzi Dəhliz adlandırılan bu marşruta tələbatın artdığını əyani şəkildə göstərir. Bununla yanaşı, Qazaxıstan üçün Rusiya ilə əməkdaşlıq çərçivəsində Şimal-Cənub marşrutu xüsusi aktuallığını qoruyur. Dünya Bankının hesablamalarına görə, bütün nəzərdə tutulan infrastruktur layihələri həyata keçirildiyi təqdirdə, 2040-cı ilədək Xəzər dənizi üzərindən yükdaşımaların həcmi dörd dəfə arta bilər. Hesab edirəm ki, hələlik ekspertlər səviyyəsində Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası məsələsini müzakirə etmək olar. Bu, mövcud potensialı genişləndirər və bütün dövlətlərimizin uzunmüddətli maraqlarına cavab verərdi”, - deyə o bildirib.
Daha sonra Tokayev Qazaxıstanın nəqliyyat infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirdiyini və bu strukturun genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.
“Bu, iqtisadi strategiyamızın prioritet istiqamətidir”, - deyə o bildirib.