22/10/2019 16:02
728 x 90

Mahnı Teatrında “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatı keçiriləcək

Toplu hazırda yaşayıb-yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir

img

2019-cu il sentyabrın 26-da R.Behbudov adına Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə növbəti tədbir keçiriləcək. Tədbir bu ilin yazında Azərbaycan Aşıqlar Birliyi tərəfindən hazırlanaraq nəşr olunmuş “Cağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatına həsr olunur. 

Bu barədə “Bakı-Xəbər”ə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirb ki, “Gənclik” nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və ADMİU-nun dosenti, fəlsəfə doktoru Altay Məmmədli, redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır. 

Toplu hazırda yaşayıb-yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin bu gün də davam etdiyini təsdiq edir.

Topluya daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.

Tədbirdə şeirləri topluda yer almış aşıqlardan Əməkdar mədəniyyət işçiləri Ulduz Quluyeva, Solmaz Kosayeva, Əhliman Şirvanlı, Ağamurad Şirvanlı, Haşım Qubalı ilə yanaşı, digər ustad aşıqlardan Cabbar Laçınlı, Cahangir Quliyev, Qələndər Zeynalov, Qaracan Borçalı, Bəhmən Göyçəli və digərləri, eləcə də Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu çıxış edəcək.

Xatırladaq ki, tədbir axşam saat 19-da başlayacaq və giriş sərbəstdir. Arzu edənlər iştirak edə bilərlər.

İradə SARIYEVA

Son xəbərlər