Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Hüseynov həyat yoldaşı Aynurə Hüseynovanı və övladları, 2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Nəsimi küçəsindəki 31 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Lazım Hüseynov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı 1982-ci il təvəllüdlü Aynurə Hüseynovanı və iki azyaşlı övladı-2009-cu il təvəllüdlü Hüseyn Hüseynovu və 2012-ci il təvəllüdlü Mədinə Hüseynovanı bıçaqlayaraq öldürüb.
Aynurə Hüseynovanın qohumlarının sözlərinə görə, qətl və oğurluq hadisələrinə görə Azərbaycanda və Rusiyada məhkumluq həyatı yaşayan Lazım Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Qonşuları bildiriblər ki, Lazım Hüseynovun Yevlaxın Havarlı kəndində mal-qara təsərrüfatı var. Onun zəhmətkeş adam, ailəcanlı insan olduğunu deyən qonşular L.Hüseynovun uzun müddət həbsdə olduğu üçün gec ailə həyatı qurduğunu deyiblər.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.