Mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb.
Həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, fermer təsərrüfatları üçün aldıqları, ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəyin otlaq sahəsindən oğurlandığını bildiriblər.
Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib, Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edib. Məlum olub ki, 3 nəfər naməlum şəxs həmin iri buynuzlu heyvanları otara-otara Goradil kəndi istiqamətinə aparıb.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanı.
Kamera görüntüləri və əldə olunan əməliyyat məlumatları əsasında hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib.
İyunun 6-da Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev, Seymur Ağayev və Allahşükür Şahbazov Binəqədi kəndi ərazisində saxlanaraq RPİ-yə gətirilib.
Araşdırmalar zamanı onlar törətdikləri əməli etiraf ediblər. Aparılan tədbirlərlə onların ələ keçirdikləri həmin cins inəkləri dəyərindən qat-qat aşağı - cəmi 8 min manata satdıqları da müəyyən edilib.
Natiq Cavadov, DİN Mətbuat xidmətinin əməkdaşı