Respublikanın daxili işlər orqanları əməkdaşları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pullarını mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirib.
İyunun 1-də Bakı şəhər sakinləri olan iki nəfər polisə müraciət edərək, bir qadın tərəfindən fala baxmaq adı ilə aldadılaraq ümumilikdə 1100 manat pullarının alındığını bildirib. Təxirə salınmadan keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törədənin Bakı şəhər sakini Roziya Jelandinovna olduğu müəyyən edilib və görülən tədbirlərlə o tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Roziya Jelandinovnanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edə bilər.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı