Bazar günü gecə saat 2 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində "VAZ-21011" markalı avtomobil şübhə doğurduğundan, ərazidə xidmət aparan Post-Patrul Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanaraq, zəruri dəqiqləşdirilmə aparılması üçün o, avtomobillə birgə 30-cu Polis Bölməsinə aparılıb.
Gecə olmasına baxmayaraq, 30-cu PB əməkdaşlarının təxirə salınmadan həyata keçirdiyi əməliyyat tədbirlərilə həmin avtomobilin Bakı şəhərində yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılmış nəqliyyat vasitəsi olduğu, üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə - paytaxt sakini Hacıağa Mirzəyevə məxsus "VAZ-2106" markalı avtomobilə məxsus olduğu aşkar edilib.
Araşdırma zamanı V.Əliyevin həmin avtomobili qaçırdıqdan sonra üzərində olan dövlət qeydiyyat nişanlarını Türkan qəsəbəsi ərazisində izi azdırmaq məqsədilə naməlum istiqamətdə atdığı da müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, V.Əliyev şübhəli şəxs qismində tutulub. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.