Tağı Qəmbərov: "Bütün bu amillər nəzərə alındığı üçün, Azərbaycan beynəlxalq reytinqdə yaxşı nəticə göstərir"
Azərbaycan cinayətkarlıq səviyyəsinin ən aşağı olduğu ölkələr siyahısında ilk 20-likdə qərarlaşıb. Bu barədə nüfuzlu "Numbeo" saytı məlumat yayıb. Siyahıda 125 ölkə yer alıb. Azərbaycan 27.05 indeks göstəricisi ilə siyahıda 18-ci pillədə qərarlaşıb.
Avropa ölkələri arasında isə Azərbaycan 9-cu pillədə qərarlaşıb. Bu arada "Numbeo" ölkəmizi Asiya regionuna aid edir ki, biz burada 11-ci pillədəyik. Ölkəmiz Qərbi Avropa ölkələri sırasında isə 6-cı pilləni tutur.
Postsovet məkanında Gürcüstan (7-ci yer) və Belarusla (10-cu yer) yanaşı, Azərbaycan, həmçinin, Estoniyadan da (12-ci yer) geri qalır. Ermənistan isə siyahıda Azərbaycandan bir pillə aşağıda - 19-cu yerdə qərarlaşıb. Latviya 40-cı, Litva 50-ci, Moldova 64-cü, Rusiya 67-ci, Qazaxıstan 72-ci və Ukrayna 85-ci yerdədir. Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanda isə bu sahədə araşdırma aparılmayıb. Türkiyə reytinqdə 55-ci, digər qonşumuz İran isə 83-cü pillədə qərarlaşıb.
Dünyada ən təhlükəsiz ölkələr Asiya qitəsində yerləşir. Bunlar Qətər (15,70), Sinqapur (16,58) və Tayvandır (17,24). İlk onluqda, həmçinin, Avstriya, BƏƏ, Honkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus da qeyd olunub.
Dünyada ən təhlükəli ölkə 85,28 reytinq balla Venesuela seçilib. Dünyanın ən təhlükəli 10 ölkəsi siyahısında, həmçinin, Papua-Yeni Qvineya, Honduras, CAR, Əfqanıstan, Salvador, Nigerya, Braziliya, Trinidad və Tobaqo var.
Azərbaycanın bu uğurunu nə ilə əlaqələndirmək olar?
Hüquqşünas Tağı Qəmbərov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycandakı kriminogen durum doğrudan da tam nəzarət altındadır: "Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda gərgin ictimai-siyasi vəziyyətin yarandığı, Ermənistanın hərbi təcavüzü nəticəsində kriminogen durumun daha da ağırlaşdığı, vətəndaş müharibəsi astanasında olan Azərbaycanla hazırda aparılan müqayisə vəziyyətin tamamilə fərqli olduğunu üzə çıxarır. Cinayətkarlıqla mübarizə sahəsində görülən qətiyyətli tədbirlər sayəsində 1995-ci ilin sonlarından ölkəmizdə sabitlik bərqərar edildi və əməliyyat şəraiti tam nəzarətə götürüldü. Bu müddət ərzində beynəlxalq ekspertlərin iştirakı ilə ölkədə Avropa standartlarına uyğun yeni qanunlar qəbul olunub, əsas məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsi, ümumbəşəri dəyərlərin qorunması olan demokratik islahatlar həyata keçirilib. Rəsmi qurumların açıqladığı rəqəmlərdən də görünür ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycan MDB və Şərqi Avropa məkanında öncül yerlərdən birini tutur. Bu dinamika ildən-ilə Azərbaycanın xeyrinə dəyişir. Bu sahədə əldə olunan uğurlar nəticəsində nəinki ölkə vətəndaşlarının təhlükəsizliyi tam təmin edilib, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitində yaşayıb işləməsinə imkan yaradılıb. Bütün bu amillər nəzərə alındığı üçün, Azərbaycan beynəlxalq reytinqdə yaxşı nəticə göstərir. Digər bir üstünlük isə hüquq-mühafizə orqanlarının koordinasiyalı iş qurması, cinayətkarlıqla birgə mübarizə aparmasına bağlıdır. Müasir dünyada transmilli mütəşəkkil cinayətkarlıq, onun getdikcə qlobal miqyas alan ayrı-ayrı növlərinə qarşı da daha effektiv, birgə mübarizə aparılması istiqamətində böyük səylər göstərilir".
Məhəmmədəli QƏRİBLİ