Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə vəsatətlə çıxış edən A.Çovdarovun vəkili Şahin Rəfiyev cinayət işinə xitam verilməsini və müvəkkilinin saxlanıldığı təcridxanada görüşə icazə verilməsini istəyib. Vəsatət qəbul olunsa da, müzakirəyə çıxarılmayıb.
Sonra zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb. O, məhkəmədə ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirdiyini etiraf edib. Zərərçəkmiş A.Çovdarova 500 min dollar verdiyini bildirib.
Qeyd edək ki, A.Çovdarov iki həkim nəzarətində məhkəməyə gətirilib. O, nəfəs almaqda çətinlik çəkdiyi üçün prosesdə fasilə elan olunub. Günün ikinci yarısında keçiriləcək iclasda şahid, "Read Farm" MMC-nin mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verəcək.
Prosesdən sonra jurnalistlərə açıqlama verən zərərçəkmiş Ş.Qurbanov bildirib ki, hadisədən çox vaxt keçdiyi üçün prosesi tam xatırlaya bilmir: "Mən 9 ədəd 1 karatlıq, 1 ədəd də 3 karatlıq brilyantı Akif Çovdarova gətirmişəm. Ümumilikdə, ona 300 min dollar dəyərində brilyant və 500 min dollar pul vermişəm. Həmin zərərin də ödənilməsini istəyirəm". Lakin o, həmin pul və brilyantları harada verdiyini xatırlamadığını söyləyib.
Günün ikinci yarısında davam edən iclasda "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov prosesdən sonra jurnalistlərə bildirib ki, jurnalistlərin məhkəməyə buraxılması ilə bağlı vəsatət versələr də, təmin edilməyib.
Vəkil deyib ki, zərərçəkmiş Şahmar Qurbanovun epizodu ilə bağlı ləğv edilən MTN-in sabiq əməkdaşı, hazırda təqaüddə olan İsgəndər Hüseynov ifadə verib: "O ifadəsində dedi ki, Şahmar Qurbanov Bakıda bir çox şəxsə qarşı dələduzluq edib. O, uzun müddət Türkiyədə ticarətlə məşğul olub. Orada Hindistan vətəndaşına qarşı dəyəri 100 min dollardan baha olan brilyantı ələ keçirilib. Sonradan həmin qızılı Rusiyada satmaq istəyəndə dağıstanlılar əlindən alıb".
Vəkil bildirib ki, şahid Şahmar Qurbanov barəsində Türkiyədə axtarış elan edildiyini də deyib: "Şahmar ifadəsində deyib ki, Çovdarov tutulandan sonra Azərbaycana qayıdıb. İsgəndər isə barəsində axtarış olduğundan onun Azərbaycana qayıtdığını qeyd etdi".
Zərərçəkən Şahmar Qurbanov isə jurnalistlərə açıqlamasında İsgəndər Hüseynovun dediklərinin yalan olduğunu bildirib: "İsgəndər Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Həm də Çovdarovun qonşusu olub. Birbaşa mənim əleyhimə ifadə verdi. Çovdarova brilyantı elə onunla birgə gətirmişəm. Mən MTN-ə gələndə Akif Çovdarovun otağına İsgəndər aparıb. Əhmədlidəki evimi onun arvadının adına keçirmişəm".
Proses noyabrın 28-də davam edəcək.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.