Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.
Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.
Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.
Oğuzda isə futbol oynamaqla karantin rejimini pozan şəxslər cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.