Şahin Məmmədov: “Sosial sığorta olunmadan işləyənlər var, amma bu, məşğul əhalinin 65 faizi qədər deyil” Rəsul Cahangirli: “Azərbaycanda əvvəllər sosial sığortasız çalışanlar çox idi”
Sosial şəbəkələrdə bəzi ekspertlər iddia edirlər ki, 2018-ci il göstəricisinə görə, Azərbaycanda məşğul əhalinin 65 faizi sosial sığorta olmadan çalışıb. Sosial sığorta olmadan çalışanların rəsmi statistikanın məşğul saydığı əhaliyə nisbəti hazırda Türkiyədə 33 faiz, Gürcüstanda 50 faizdir. 2000-ci illərin başlanğıcında həmin göstərici Türkiyədə 60 faiz, Gürcüstanda 65 faiz olub. Son 15 ildə Türkiyə 27 faiz, Gürcüstan isə 15 faiz azalmaya nail olub.
Ancaq o da var ki, son illər Azərbaycanda əmək müqavilələrinin elektronlaşdırılmasından tutmuş, titkinti sahələrinin videomüşahidəyə götürülməsinə, əmək müfəttişliyinin yaradılmasınadək bir sıra işlər görülüb. Həmçinin, Vergi Məcəlləsinə dəyişikliklər edilib. İşçi qüvvəsinin leqallaşması üçün sistemli işlər görülür. 2019-cu ildə vergi və sosial sığorta qanunvericiliyinə ciddi dəyişiklik edildi. Ölkədə qeyri-leqal biznes dövriyyəsinin, gizli əmək dövriyyəsinin leqallaşdırılması üçün işlər görülür. Belə olan halda, Azərbaycanda məşğul əhalinin 65 faizinin sosial sığorta olmadan çalışması barədə deyilənlər nə dərəcədə realdır? Belədirsə, bunun azaldılması üçün nə etmək olar?
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə qısa açıqlama verən Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovun sözlərinə görə, deyilənlər şişirdilmiş rəqəmlərdir: “Sosial sığorta olunmadan işləyənlər var, amma bu, məşğul əhalinin 65 faizi qədər deyil. Onların sayı bundan azdır. Çalışanların hardasa 1 milyon 500 min nəfərə yaxını əmək müqaviləsi ilə işləyir. Yerdə qalan iqtisadi cəhətdən məşğul əhali əmək müqaviləsiz çalışır. Onların bir hissəsi kənd təsərrüfatında çalışır. Digər hissəsi də iqtisadi cəhətdən fəal, amma müxtəlif xidmət sahələrində çalışan adamlardır”.
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, dünyanın hər yerində sığortasız çalışanlar var: “Elə ölkə var ki, orada onların sayı çoxdur. Elə ölkə də var ki, orada bu nisbət aşağıdır. Azərbaycanda əvvəllər sosial sığortasız çalışanlar çox idi. Qanunlarda bəzi boşluqlar var idi, nəzarət zəif idi və s. Ancaq son illər bununla bağlı görülən tədbirlər sayəsində sığortasız işləyənlərin sayı azalıb. Xüsusən də bu il sözügedən məsələ ilə bağlı ciddi tədbirlər görülür. Vergi qanunvericiliyi təkmilləşdirilir, nəzarət tədbirləri artırılır. Hesab edirəm ki, yaxın illərdə bu sahədə əsaslı dönüş yarana bilər. Konkret məşğul əhalinin neçə faizinin sığortasız əmək fəaliyyəti ilə məşğul olduğunu demək çətindir”.
Vidadi ORDAHALLI