Vüqar Bayramov: “Özünüməşğulluq proqramından yararlanan ailə kiçik sahibkara çevriləcək”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərivəsində müəyyən ailələrə kömək edib. Bu proqram çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara iribuynuzlu mal-qara, qoyun verilib. Məqsəd həmin ailələrin kiçik təsərrüfatlarını yaratmasına kömək etməkdir.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkədə icrasına başlanan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqram aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdadır.
Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir.
Aztəminatlı ailələrə özünüməşğulluq proqramı çərçivəsində müəyyən sayda mal-qara verilməsi o ailələrin sosial həyatına müsbət təsir edəcək.
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, özünüməşğulluq proqramının əhəmiyyəti ondan ibarətdir ki, aztəminatlı ailələr öz işlərini qura biləcəklər. Belə olan halda, özünüməşğulluq proqramından yararlanan ailə kiçik sahibkara çevriləcək: “Bu sektorda görülən işlərdən biri bu günlərdə Cəbrayıl və Füzuli rayonlarında yaşayan məcburi köçkün və aztəminatlı ailələrə mal-qaranın verilməsidir”.
Həmsöhbətimizin sözlərinə görə, onlar öz işlərini qurmaqla yanaşı, özünüməşğulluq proqramı çərçivəsində digər insanların işlə təmin olunmasına imkan yaradacaqlar: “Özünüməşğulluq proqramı regionlarda sahibkarların sayının artmasına səbəb olacaq. Sahibkarlığın inkişafı baxımından belə proqramın olması əhəmiyyətlidir. Qarşıdakı illərdə bölgələrdə yaşayan vətəndaşlar öz bizneslərinə sahib olacaqlar”.
GüneL CƏLİLOVA