Rəsul Cahangirli: “Azərbaycanın bu yöndə həyata keçirdiyi siyasət düşünülmüş və strateji xarakterlidir”
“Cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir. Həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir: “Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak etmişdir. İlin sonuna qədər “SOCAR Polimer”in ikinci layihəsi – yüksək sıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir”.
Prezidentin açıqlamasından o da məlum olub ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək: “Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”.
Maraqlıdır, bəs ekspertlər bütün bu layihələrin həyata keçirilməsinin Azərbaycana faydasını necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, sözügedən bu və digər layihələrin həyata keçirilməsi Azərbaycana böyük dividendlər gətirəcək: “Nəzərə almaq lazımdır ki, həmin layihələr kifayət qədər ciddi proyektlər olduğu üçün, onların reallaşmasına böyük sərmayələr qoyulub. Azərbaycanın bu yöndə həyata keçirdiyi siyasət düşünülmüş və strateji xarakterlidir. Eyni zamanda, dövlətin və xalqın maraqlarına uyğundur. Sözügedən layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycana böyük həcmdə vəsait daxil olacaq. Bu da əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun daha da çiçəklənməsinə şərait yaradacaq. Ən başlıcası isə, sözügedən layihələr dayanıqlı iqtisadi inkişafın təminatçısı rolunda çıxış edəcək. Bu zaman ölkə iqtisadiyyatı təbii xammal resurslarının ixracatından asılı olmayacaq. Ölkədə emal və xidmət sektoru əhəmiyyətli dərəcədə inkişaf edəcək. Sözügedən sektorun ümumi iqtisadiyyatda çəkisi indikindən qat-qat böyük olacaq. Bütün bunlardan da təbii ki, Azərbaycan xalqı faydalanacaq. Deməyim odur ki, sözügedən layihələr Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivlər vəd edir. Ona görə də Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tamamilə əsaslıdır. Həmin layihələrin həyata keçirilməsi Azərbaycanın regionda iqtisadi gücünü və imkanlarını daha da artıracaq. Əhalinin həyat səviyyəsi daha da yüksələcək”.
Vidadi ORDAHALLI