Könül Nuriyeva: “Valyuta ehtiyatlarının artmasının səbəbi əldə olunan gəlirlərdən daha səmərəli şəkildə istifadə olunmasıdır”
“Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident qeyd edib ki, həm ölkə qarşısında duran vacib məsələlər həll edilir, investisiya, infrastruktur layihələri icra edilir, sosial məsələlərin həlli təmin olunur, eyni zamanda, ehtiyatlar da artır: “Əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir”.
Valyuta ehtiyatlarının artması barədə fikir bildirən iqtisadçı Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində valyuta ehtiyatı artır: “Valyuta ehtiyatının artması gəlirlərin yüksək olması ilə bağlıdır. Eyni zamanda, valyuta ehtiyatlarının artması əldə olunan gəlirlərdən qənaətlə istifadə olunması anlamına gəlir. Gəlirlərin artması səbəblərindən biri onlardan daha səmərəli şəkildə istifadə olunmasıdır. Həm investisiyalara, infrastruktura, sosial layihələrə, qeyri-neft sektorunun müxtəlif sahələrinə yatırımlar edilib. Görülən işlər sayəsində valyuta ehtiyatlarımız artaraq 45 milyard dollara çatıb. Sevindirici haldır ki, ilin əvvəlindən bəri milyard dollarlıq artım əldə olunub. Qeyd olunan rəqəm inkişafdan xəbər verir”.
Həmsöhbətimizin sözlərinə görə, neftin satış qiymətinin stabil olması da gəlirlərin artmasına səbəb olur. Həmçinin, yatırılan investisiyaların uğurla icra olunması valyuta ehtiyatının artmasına şərait yaradıb.
Günel CƏLİLOVA