Əli Əlirzayev: “Vahid sallaqxanalarda həm gigiyenik qaydalara riayət olunacaq, həm də dini qaydalara uyğun formada heyvan kəsiləcək”
Xəbər verildiyi kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında səhiyyə, heyvandarlıq məhsullarının ticarəti, eləcə də regionda xəstəliklərin nəzarətə götürülməsi üçün laboratoriyaların və sallaqxanaların yaradılması sahəsində əlaqələr genişlənir.
İranın Baytarlıq İdarəsinin sədri Əlirza Rəfiipur İƏT ölkələrinin baytarlıq idarələri rəhbərlərinin 3-cü iclasında çıxışı zamanı bildirib ki, İƏT ölkələrinin coğrafi şəraiti Yaxın Şərq, Asiya və Avropada dəniz, hava və dəmir yolu sektorunda əməkdaşlığa imkanlar yaradıb: "Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri laboratoriya şəbəkəsinin yaradılması sahəsində razılaşma əldə edə bilərlər. Bu, üzv ölkələrin xeyrinə ola bilər. Beynəlxalq ticarətdə vahid "yol xəritəsi"nin hazırlanması, qida təhlükəsizliyi, xəstəlik yaradan amillərin müəyyənləşdirilməsi İƏT ölkələri vətəndaşlarının sağlamlığının təmin edilməsinə kömək edə bilər”.
O əlavə edib ki, İƏT-ə üzv olan bəzi ölkələr tərəfindən ortaq sallaqxana şəbəkəsi də yaradıla bilər: "Belə olduğu halda, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin ət tələbatının bir hissəsi təmin olunacaq".
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ortaq sallaqxanalar yaratması barədə fikir bildirən iqtisadçı- ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iqtisadiyyatda hansısa regionun bəzi vərdişlərini inteqrasiya amili kimi istifadə etmək olar: “Coğrafi baxımdan yaxın ölkələr birləşib bir yerdə hansısa məhsulla bağlı vahid bazar və ya sallaqxana yarada bilərlər. İslam ölkələrinin əsas əqidəsi “halal” prinsipinə riayət olunmasıdır. Bu üzdən, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin islam qaydalarına uyğun formada vahid sallaqxanalarının yaradılması təklif olunur. Həmin sallaqxanalarda heyvan gigiyenik qaydalara riayət olunmuş və dini qaydalara uyğun formada kəsiləcək”.
Həmsöhbətimiz hesab edir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vahid sallaqxana yaratmaqda məqsədi birgə ət kombinatının təşkilidir. Vahid ət kombinatının olması ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir: “Belə olarsa, ixracat artar. İxracatın artması ölkəyə daxil olacaq valyutanın artmasına səbəb olacaq”.
Günel CƏLİLOVA