Qadir Bayramlı: “Məhsuldarlığı və ixracatı artırmaq istəyiriksə, təsərrüfat intensiv formaya keçməlidir, bu isə elmi tədqiqatlar tələb edir”
Hər bir ölkədə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə sosial dayanıqlığın başlıca şərti olan əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından, aqrar sahəyə xüsusi diqqət yönəldilir. Respublikamızda da iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi bu sahənin inkişafı üçün münbit şərait yaradılıb. Aqrar sektorun inkişafı istiqamətində ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramları təsdiq olunub. Görülən işlər sayəsində bu sahədə yaşanan boşluqlar aradan qaldırılıb.
Məlumat üçün bildirək ki, aqrar elmin inkişafı istiqamətində də müəyyən işlər görülür. Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov media nümayəndələrinə açıqlamasında qeyd etdi ki, ölkəmizdə aqrar elmin inkişafı istiqamətində yeni Dövlət Proqramı hazırlanır. Həmçinin, bu sahədə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.
Hazırlanan yeni Dövlət Proqramının əhəmiyyəti barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni proqram elmi fəaliyyətlərin inkişafına yönəlməli və geniş əhatəli olmalıdır: “Proqram tək fermerlərin məlumatlandırılmasından ibarət olarsa, bu, aqrar sahəni tam əhatə etməz. Yaxşı olar ki, aqrar proqram elmi tədqiqat işlərini də əhatə etsin. Bu sahədə ciddi işlərin həyata keçirilməsinə ehtiyac var. Çünki respublikanın kənd təsərrüfatı elmi tədqiqatlardan və müasir elmi metodlardan asılıdır. Bunlar qeyd olunan proqramda yer alacaqsa, aqrar sahədə inkişafa nail olmaq mümkündür. Həmçinin, kənd təsərrüfatı üçün zəruri olan torpaqların ətraflı tədqiqatı lazımdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, aqrar təsərrüfat intensiv metoda keçməlidir. Məhsuldarlığı və ixracatı artırmaq istəyiriksə, təsərrüfat intensiv formaya keçməlidir. Bu isə elmi tədqiqatlar tələb edir: “Hesab edirəm ki, aqrar sahədəki proqram kənd təsərrüfatı sahəsindəki hüquqi mexanizmlərin təkmilləşməsinə səbəb olacaq. Həmçinin, fermerlərin fəaliyyətinə də diqqət ayrılmalıdır. Onların daha zəngin kənd təsərrüfatı biliyinə sahib olması barədə məlumatlar həmin proqramda əks olunmalıdır”.
Günel CƏLİLOVA