Azərbaycanın toxuculuq sənayesi olduqca qədim köklərə, çoxəsrlik tarixə malikdir. Toxuculuq sənayesinin inkişafı istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Açıqlanan statistik rəqəmlərə əsasən, cari ilin səkkiz ayında Bakının toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 77,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda qeyd olunur ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 5,8 dəfə, toxuculuq sənayesində 81,9 faiz artım, geyim istehsalında isə 5,8 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, toxuculuq sahəsi tək paytaxt Bakıda deyil, eyni zamanda, bölgələrdə də inkişaf edir. Nəzərə almaq lazımdır ki, toxuculuq sahəsi regionlarda daha çox inkişaf edir. Belə olduğu halda, toxuculuq sənayesində qeydə alınan inkişaf daha yüksəkdir.
İqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biridir: “Toxuculuq sektoru ölkə əhalisi üçün ənənəvi sahədir. Bu məqsədlə son zamanlar sənaye məhəllələri, texnoparklar yaradılır. 2017-ci ilin qış aylarında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə müəssisəsi açıldı. Bölgələrdə sənaye parklarının yaradılaraq istifadəyə verilməsi toxuculuq sənayesinin inkişafına səbəb olur.
Eyni zamanda, digər rayonlarda da toxuculuq müəssisələrinin açılması olduqca əhəmiyyətlidir. Bu tip müəssisələrin açılaraq istifadəyə verilməsi toxuculuq sənayesinin inkişafına səbəb olur”.
Həmsöhbətimiz onu da bildirdi ki, toxuculuğun inkişafı istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür: “Mingəçevir və Şəkidə toxuculuq mərkəzləri açılaraq fəaliyyət göstərir. O cümlədən, yerli kadrların bu sahəyə cəlb olunması idxalın azaldılmasına səbəb olur, qarşıdakı illərdə toxuculuq sahəsində inkişaf daha da artacaq.
R.Atakişiyev paytaxt ərazisində toxuculuq sənayesinin inkişafının gözlənilən olduğunu vurğuladı: “Toxuculuq tək paytaxtda deyil, bölgələrdə də sürətlə inkişaf edir”.
Günel CƏLİLOVA