Fikrət Yusifov: “Buna, ilk növbədə, milli valyutamızın sabitliyi imkan verir”
Bu ilin yanvar-sentyabr aylarında ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsi demək olar, dəyişməyib. Bu, MDB ölkələri ərazisində ən yaxşı göstəricidir. Bunu "BelaPAN" tərəfindən 2017-ci il dekabrın 31-dən 2018-ci il sentyabrın 30-dək aparılan mərkəzi bankların rəsmi məzənnələrinin müqayisəli təhlili göstərir.
Milli valyutanın dollar qarşısında ucuzlaşması baxımından Rusiya hamını qabaqlayır - 13,87% (57,6002 rubldan 65,5906 rubla qədər). İkinci sırada Qazaxıstan (9,25%) qərarlaşıb - 332,33 təngədən 363,07 təngəyə qədər.
Dolların kursu Türkmənistanda dəyişməyib (3,50 manat), Azərbaycanda 0,01% (1,7001 manatdan 1,7 manata qədər), Ermənistanda 0,29% (484,10 dramdan 482,71 drama qədər), Özbəkistanda 0,50% (8120,07 sumdan 8079,28 suma qədər) və Moldovada 1,38% (17,1002 leydən 16,8637 leyə qədər) aşağı düşüb.
Ümumilikdə, Azərbaycanda makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunmasına yönəldilmiş tədbirlər davam etdirilir. Bu məqsədlə Mərkəzi Bankın elan etdiyi “tam üzən məzənnə” rejiminə uyğun əməliyyatların tətbiqi və bununla valyuta bazarında vəziyyətin stabilləşməsinə nail olmaq istiqamətində zəruri tədbirlər nəticəsində Azərbaycan manatı real dəyərini qorumaqdadır.
Bütün bunların fonunda, onu demək olar ki, postneft dövrünə keçidi sürətləndirən Azəbaycanın milli valyutasının da neftdən asılılığı azalmaqdadır. Bu amil özünü regionun digər neft ixracatçıları ilə müqayisədə daha qabarıq göstərir. Neftin qiymətindəki dəyişikliklər görürsən bəzi ölkələrin valyutalarına öz təsirini göstərir. Ancaq Azərbaycanda bununla bağlı vəziyyət daha etibarlıdır.
Bütün bunların fonunda, sabitliyinə görə manatın dövlətlərarası valyuta kimi istifadə perspektivi və ehtimalı nə qədərdir?
Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun sözlərinə görə, manatın məzənnəsinin 2017-ci ilin aprel ayından bu günə qədər sabit qalması bir çox amillərlə izah olunur: “Dünya bazarlarında neftin qiymətlərinin sabitləşməsi və bu ilin əvvəlindən onun mütəmadi olaraq bahalaşması bir neft ölkəsi kimi bizə kifayət qədər əlavə valyuta gəlirləri əldə etmək imkanı yaradıb. Manatın məzənnəsinin sabitliyinin kökündə dayanan əsas məqam da bundan ibarətdir. Digər tərəfdən, Azərbaycan iqtisadiyytı böhrandan sonrakı yüksəliş dövrünü yaşamağa başlayıb. Qeyri-neft sektorumuzun sürətli inkişafı, bu sektordan ixracın durmadan artması da manatın məzənnəsinin sabitliyinə əsas verən şərtlərdən biridir. Bu gün Azərbaycana turist axını hədsiz çoxalıb. Turist axını, eyni zamanda, ölkəmizə xarici valyuta axını deməkdir. Başqa bir valyuta gəlir mənbəyimiz isə tranzit yükdaşımaların həcminin artması hesabına formalaşıb. Bütün bunlar milli valyutamızın dayaqlarının möhkəmlənməsinə və onun məzənnəsinin sabitliyinə bir dəstəkdir. Bu gün manatdan bəzi qonşu ölkələrin ərazisində alqı-satqı proseslərində istifadə olunur. Buna, ilk növbədə, milli valyutamızın sabitliyi imkan verir. Əslində, manat sərbəst konvertasiya edilən valyuta deyil, lakin ondan qonşu dövlətlərin ərzisində məmnuniyyətlə istifadə edirlərsə, bu bizim milli valyutaya olan güvəncin təcəssümü kimi dəyərləndirilməlidir. Gələcəkdə milli valyutamızın sərbəst dönərli valyuta olmasını da görə bilərik”.
Vidadi ORDAHALLI