Pərviz Heydərov: “… qarşılıqlı mal mübadiləsi və ticarət əlaqələrində əlverişli şərtlərə nail olunması üçün “Yaşıl dəhliz”in yaradılması təqdirəlayiqdir”
Məlum olduğu kimi, ötən həftə paytaxt Bakı ərazisində beynəlxalq əhəmiyyətli forum keçirildi. İki gün davam edən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda hər iki ölkənin rəsmiləri görüşərək iqtisadi və digər məsələlərlə bağlı qarşılıqlı əməkdaşlığı müzakirə etdilər.
Bakının mərkəzində keçirilən görüşdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirdiyini qeyd edib. Rusiyalı nazir deyib ki, mövcud imkanlar iqtisadi əməkdaşlığı daha da genişləndirməyə şərait yaradır: “Ona görə də dövlət başçıları qarşımızda bu əməkdaşlığı yeni səviyyəyə qaldırmaq vəzifəsi qoyublar. Forumda prezidentlərin iştirakı onun əhəmiyyətini daha da artırır. Biz gömrük sahəsində əlaqələrə diqqət ayırırıq, tariflər aşağı salınıb. Hətta “Yaşıl dəhliz”in yaradılması istiqamətində irəli gedirik. Qarşımızda çox böyük imkanlar və görülməli işlər var. Böyük və kiçik biznesin əlaqələrinin inkişafına diqqəti artırmaq bizim məqsədlərimizdən biridir”.
Azərbaycan-Rusiya ticarətində “Yaşıl dəhliz”in yaradılmasının əhəmiyyəti barədə danışan iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanın xarici ticarət sahəsində tərəfdaşlıq etdiyi ölkələr sırasında Rusiya önəmli mövqedədir. Xüsusən də qeyri-neft sektoru məhsullarımızın ixracında Rusiya ilk sıradadır: “Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət əlaqələrinin, iqtisadi münasibətlərin dayanmadan inkişaf etdirilməsi olduqca vacibdir. Bu hər iki ölkə rəhbərlərinin, o cümlədən hökumət nümayəndələrinin görüşləri zamanı qeyd olunub. Qeyd olunan istiqamətlər üzrə də müvafiq işlər aparılır. Bu işlərin əsas mahiyyəti ondan ibarətdir ki, qarşılıqlı ticarət əlaqələrinin həcmi artırılsın və genişləndirilsin. Bu sahədə bütün prosedurların mümkün dərəcədə asanlaşdırılması əsas vəzifələrdən biridir. İşlərin asanlaşdırılması həm vaxt itkisinin qarşısını alacaq, həm də qarşılıqlı vergi və rüsum məsələlərində əlverişli şərait əldə olunmasına səbəb olacaq. Ötən həftə paytaxt ərazisində baş tutan forumda da bir sıra təkliflərin səsləndirilməsi təbii qarşılandı. Azərbaycan-Rusiya ticarətində “Yaşıl dəhliz”in yaradılması qarşılıqlı mal dövriyyəsində daha əlverişli şəraitin yaradılmasına səbəb olacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, qeyri-neft məhsullarının ixrac məsələsi vacibdir. Bununla bağlı dövlət siyasəti həyata keçirilir: “Bu mənada, Rusiya bazarı bizim üçün önəmlidir. Rusiya bazarına çıxış üçün prosedurun asanlaşdırılması olduqca vacibdir. “Yaşıl dəhliz”in olması Rusiyadan daha çox Azərbaycana vacibdir. Azərbaycanla Rusiya arasında qarşılıqlı mal mübadiləsi və ticarət əlaqələrində əlverişli şərtlərə nail olmaq ilk növbədə Azərbaycan üçün gərəkdir. Bu səbəbdən də hesab edirəm ki, “Yaşıl dəhliz”in yaradılması istiqamətində işlərin aparılması təqdirəlayiqdir”.
Günel CƏLİLOVA