Rüfət Quliyev: “Milli pavilyonda Azərbaycan mədəniyyəti, ölkəmizdə istehsal olunan məhsullar nümayiş olunacaq
Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonu açılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, gələcək əməkdaşlıq çərçivəsində gələn il üçün nəzərdə tutulan Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mühüm addım olacaq: “Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, biz onu bərpa edirik. Düşünürəm ki, biz belə mühüm beynəlxalq sərgi meydanında iştirak edəcəyik və öz nailiyyətlərimizi nümayiş etdirəcəyik”.
Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılmasının əhəmiyyəti barədə “Bakı-Xəbər”ə danışan millət vəkili Rüfət Quliyev qeyd etdi ki, Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun açılması sevindiricidir: “Məlumat üçün bildirim ki, bir sıra ölkələrdə Azərbaycan pavilyonu açılıb. Həmin sərgilərdə ölkəmiz yüksək səviyyədə tanınıb. Azərbaycan pavilyonunun Moskvada açılmasının böyük əhəmiyyəti var. İlk olaraq bildirim ki, Rusiya Azərbaycana ən yaxın qonşu ölkələr arasında iqtisadi gücə malik olan ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının 90 faizi Rusiyanın payına düşür. Qeyri-neft sektoru üzrə məhsulların 35 faizi məhz həmin ölkəyə göndərilir.
Millət vəkilinin sözlərinə görə, bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri olduqca səmimi və istidir: “Siyasi, iqtisadi, turizm, mədəni və digər sahələrdə ölkələrarası münasibətlərdə yaşanan inkişafda Azərbaycanın rolu çoxdur”.
R.Quliyev qeyd etdi ki, Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində açılacaq Azərbaycan pavilyonu vasitəsilə ziyarətçilər, bir növ, Azərbaycana səyahət edəcəklər. Milli pavilyonda Azərbaycan mədəniyyəti, ölkəmizdə istehsal olunan məhsullar nümayiş olunacaq.
Günel CƏLİLOVA