Fuad İbrahimli: “Dərman idxalı zamanı preparatların keyfiyyətinə nəzarət mexanizmi də tətbiq olunarsa…”
Xəbər verildiyi kimi, dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.
İclasda Əli Əhmədov bildirib ki, Azərbaycanın dərman bazarına geniş çeşidli preparatların gətirilməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər. “Ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir. Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığı səhiyyəmizin inkişafına təkan verəcək. Dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir”.
Dərman vasitələrinin ölkəmizə gətirilmə qaydaları sadələşdirilərsə, bu, dərman bazarına necə təsir edəcək?
Ekspertlərin fikrincə, dərmanların ölkəmizə gətirilməsi sadə və rahat şəkildə həyata keçirilərsə, o zaman dərman preparatlarının satış qiymətində dəyişiklik baş verər.
İqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəyə gətirilən dərman preparatlarına nəzarət gücləndirilməlidir. Ölkəyə idxal olunan preparatların keyfiyyətinə nəzarət tətbiq olunmalıdır: “Bəllidir ki, bu gün dərman bazarında eyni adda çoxlu sayda preparat var. Lakin onların keyfiyyət dərəcəsi istənilən səviyyədə deyil”.
Həmsöhbətimiz hesab edir ki, dərman preparatlarının ölkəyə gətirilməsinin sadələşdirilməsi dərman bazarına təsir edər: “Dərman bazarında əlverişli qiymət siyasətinə təsir edəcək amil inhisarın aradan qaldırılmasıdır. Dərman bazarında rəqabət sağlamlaşdırılmalıdır ki, bazara təmiz məhsul çıxarılsın, eyni zamanda, qiymət istehlakçılara sərf etsin”.
Ekspert onu da vurğuladı ki, ölkəyə gətirilən dərmanların qeydiyyatı və gömrük rəsmiləşdirilməsi qaydaları sadələşdirilərsə, bu, idxal olunan preparatların qiymətinə təsir edər. Dərman idxalı zamanı preparatların keyfiyyətinə nəzarət mexanizmi də tətbiq olunarsa, o zaman daha keyfiyyətli məhsul bazarda olar.
Günel CƏLİLOVA