Vüqar Bayramov: “… yeni qaydaların tətbiq edilməsi yolu ilə hesablanan dövlət büdcəsidir”
Xəbər verildiyi kimi, Nazirlər Kabinetinə təqdim olunan 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə müsbət rəy verilib. Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Sənəddə qeyd olunub ki, Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.
Qeyd edək ki, bu sənədlər və müvafiq materiallar Azərbaycan Prezidentinə təqdim ediləcək.
2019-cu il üzrə dövlət və icmal büdcənin layihələri haqqında fikir bildirən iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir müddət öncə Prezident İlham Əliyev tərəfindən xarici borcların idarə olunması ilə bağlı Strategiya təsdiq olunub. Həmin Strategiyada növbəti illərdə Azərbaycan büdcəsi və büdcə xərcləri haqqında məlumatlar qeyd olunur. Mövcud Strategiyaya uyğun olaraq, 2019-cu il daxil olmaqla, qarşıdakı illərdə Azərbaycanda fiskal qaydalar tətbiq olunacaq. Fiskal qaydaların mahiyyəti ondan ibarətdir ki, dövlət büdcəsinin xərcləri gəlirlərə uyğunlaşdırılacaq. Eyni zamanda, Azərbaycan Hökuməti növbəti dövrlərdə rezerv və vəsaitlərin bölüşdürülməsinə büdcə vasitəsilə deyil, büdcədənkənar fondlar vasitəsilə nail olmalıdır. Bu baxımdan, 2019-cu il büdcəsi daha real büdcə, qeyri-neft sektorunun mövcud tərəfdarı kimi qiymətləndirilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 2019-cu ilin dövlət və icmal büdcəsində sosial ayırmaların mövcud səviyyəsi qorunub saxlanacaq. Qaydalara əsasən, sosial xərclərin saxlanması, fiskal qaydaların tətbiq olunması nəzərdə tutulur. Bu isə o deməkdir ki, 2019-cu ildə də büdcənin xərclər hissəsində sosial ayırmalar prioritet sahə olaraq qalacaq. Bütün hallarda, 2019-cu ilin büdcəsi əvvəlki ilin büdcəsindən fərqli olacaq. Çünki Strategiyaya uyğun olaraq, yeni qaydaların tətbiq edilməsi yolu ilə hesablanan dövlət büdcəsidir”.
Günel CƏLİLOVA