Fikrət Yusifov: “Son iki ildə Azərbaycan xəzinəsinə elektron ticarətdən 400 min manata yaxın məbləğ daxil olması gözlənilən idi, qarşıdakı illər ərzində bu rəqəm daha da artacaq”
Açıqlanan məlumatlara əsasən, 2018-ci ildə elektron ticarət dövriyyəsindən gömrük bəyannamələri əsasında rüsumlardan Azərbaycan dövlət büdcəsinə 400 min manata yaxın məbləğ daxil olub. Bunu Bakıda elektron ticarət forumu zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib.
İ.Babayevin sözlərinə görə, e-ticarətdən daxilolmaların bu cür yüksək artım dinamikası son iki il ərzində aydın müşahidə olunur: “2016-cı ildə bu göstərici cəmi 20 min manat idi. Dünya təcrübəsində elektron ticarətin payına ümumi ticarət dövriyyəsinin təxminən 10 faizi düşür. E-ticarətin illik artım tempi 10 faiz təşkil edir. Rəqəmlərlə ifadə etsək, bu gün dünyada e-ticarət dövriyyəsinin həcmi təxminən 3 trilyon dollar təşkil edirsə, 2021-ci il üçün bu rəqəm 5 trilyon dollaradək yüksələcək”.
Son iki ildə Azərbaycan xəzinəsinə elektron ticarətdən gömrük daxilolmalarının 20 dəfəyədək artması necə mümkün olub?
İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektron ticarət Azərbaycan üçün yeni bir sahədir: “Elektron ticarətlə əvvəllər də məşğul olunurdu. Ancaq inkişaf etmiş səviyyədə də deyildi. Artıq elektron ticarət dünyanın əksər ölkələrində istifadə olunur, xüsusilə də inkişaf etmiş ölkələrdə”.
Həmsöhbətimizin sözlərinə görə, ölkəmizdə də elektron ticarətdən geniş şəkildə istifadə olunması üçün müəssisə və təşkilatlar bu sahəyə cəlb olunub. Bu səbəbdən də elektron ticarətin dövriyyəsi artır: “Elektron ticarətin inkişaf etməsi büdcəyə çox məbləğin daxil olmasına səbəb olur. Məlumdur ki, illər öncə elektron ticarətlə məşğul olan tərəflər vergi ödəməkdən yayınırdılarsa, ancaq indi bu mümkün deyil. Elektron ticarətlə məşğul olan şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq vergi ödəməlidirlər”.
F.Yusifov onu da bildirdi ki, son iki ildə Azərbaycan xəzinəsinə elektron ticarətdən 400 min manata yaxın məbləğ daxil olması gözlənilən idi. Qarşıdakı illər ərzində bu rəqəm daha da artacaq.
Günel CƏLİLOVA