Ruslan Atakişiyev:“Müşahidə şurasının səlahiyyətlərinin genişləndirilməsi imkan verəcək ki...”
Azərbaycanda “Banklar haqqında” Qanuna dəyişikliklər təklif olunur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub. Qanuna təklif edilən dəyişikliklərdən biri bankların müşahidə şuralarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutur. Dəyişikliyə əsasən, müşahidə şurası bankın auditorlar komitəsinin üzvlərini vəzifəyə təyin və azad edə biləcək.
Bundan başqa, bankların idarə heyəti üzvlərinin səlahiyyət müddətlərini azaltmaq təklif olunur. Dəyişikliklərə əsasən, idarə heyətinin üzvü maksimum 3 il müddətinə təyin oluna bilər. Hazırda bu müddət dörd il təşkil edir.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qanunverciliyə əsasən, ölkədə fəaliyyət göstərən bankların bəziləri açıq səhmdar cəmiyyətlərdir. Banklar açıq səhmdar cəmiyyət olduğu üçün orada payçılar olur: “Səhm paketinə sahib olanlar da bankın sahibi sayılırlar. Bankın fəaliyyətində şəffaflığın təmin olunması payçıların məlumatlandırılması baxımından əhəmiyyətlidir. O da bəllidir ki, ölkədə korporativ idarəolunma standartları qəbul olunub. Korporativ idarəolunma standartlarına riayət olunması üçün banklarda müşahidə şuraları olmalıdır. Müşahidə şurasının səlahiyyətlərinin genişləndirilməsi imkan verəcək ki, bankların icraedici, idarəetmə qurumuna nəzarət gücləndirilsin. Məlumdur ki, müşahidə şurasının nəzdində müxtəlif komitələr var. Fəaliyyət göstərən komitələrin hesabatları icraedici qurumdan vaxtından əvvəl əldə etməsi baxımından bu əhəmiyyətlidir”.
Həmsöhbətimizin sözlərinə görə, bankların daha yaxşı fəaliyyət göstərməsi üçün müşahidə şurasının səlahiyyətlərinin artırılmasına ehtiyac var.
Günel CƏLİLOVA