Bu gün Azərbaycanda heç bir aclıq problemi yoxdur. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu problemin yaranmaması və yaşanmaması üçün ölkədə bir sıra mühüm tədbirlər görülüb, ərzaq təhlükəsizliyinin təmin edilməsi yönündə dövlət proqramları təsdiq olunub.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda aparılan uğurlu işlərin nəticəsidir ki, ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faizdən aşağıya endirilib.
S.Həsənova əlavə edib ki, Azərbaycanın da qoşulduğu Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində böyük işlər görülür və yaxın zamanlarda bu yöndə bir çox beynəlxalq qurumların iştirakı ilə Azərbaycanda geniş beynəlxalq forum keçiriləcək.
“Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alır”. Bunu isə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur.
Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.
Komitə sədri vurğulayıb ki, ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub:
E.İbrahimov bildirib ki, Azərbaycanın həyata keçirdiyi bu işlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, eləcə də digər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib.