Əli Əlirzayev: “Kreditlərə zəmanətin verilməsi maliyyə sahəsində risqlərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır”
Xəbər verildiyi kimi, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb. Fondun yaydığı məlumatda qeyd olunur ki, qurum tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.
Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8 bankla müvafiq müqavilələr bağlanıb. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir. Bildirilib ki, sahibkarlar (fiziki və hüquqi şəxslər) fond tərəfindən zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər.
Sahibkarlıq kreditlərinə zəmanətin verilməsinin vacibliyi barədə danışan iqtisadçı-ekspert Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sahibkarlığın inkişafı həm də onların maliyyə vəsaitlərinə, kreditlərə əlçatanlığının təmin edilməsi ilə birbaşa bağlıdır: “Azərbaycanda, xüsusilə kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil. Səbəblərdən biri odur ki, həmin kreditlərə zəmanət verilmədiyi üçün, kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə çox maraqlı deyil. Çünki kiçik və orta sahibkarlıqda risq nisbətən yüksəkdir. O baxımdan sahibkarlıq kreditlərinə zəmanətin verilməsinə ehtiyac var idi".
Həmsöhbətimizin sözlərinə görə, zəmanətin verilməsi kiçik və orta sahibkarların kreditalma imkanlarını xeyli asanlaşdıracaq: "Belə olan halda, banklar kiçik və orta sahibkarlarla işləməkdə maraqlı olacaqlar.
Həmçinin, kreditlərə zəmanətin verilməsi maliyyə sahəsində risqlərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır. Qaydalara əsasən, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar veriləcək. Başqa sözlə, faizlərin yaratdığı məbləğin bir hissəsini dövlət ödəyəcək. Kreditin faiz dərəcəsinin azı 6 faizini borcalan özü ödəməlidir. Subsidiya kreditin müddətindən asılı olaraq tətbiq ediləcək. Faiz subsidiyasi illik faiz dərəcəsi 20%-dən çox olmayan zəmanətli kreditlər üçün verilir”.
Günel CƏLİLOVA