Pərviz Heydərov: “Bir sıra sahələrdə xərclərin artırılmasının məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir”
Azərbaycanda bəzi sahələr üzrə xərclər artırılır. Belə ki, bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri 45 % artırılır. Məlumat üçün bildirək ki, bu ilin dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsinə ayırmalar 6,9 % artırılaraq 327,13 mln. manata çatdırılacaq.
Bu, “2018-ci ilin dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində nəzərdə tutulub. Sənədə əsasən, artım bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərclərinin 44,85 % artırılaraq 64,591 mln. manat, digər kateqoriyaya aid edilməyən fəaliyyətə ayırmaların isə 1,3 % artırılaraq 76,27 mln. manat olması, mədəniyyət və incəsənət sahəsində fəaliyyət, eləcə də radio, televiziya və nəşriyyat xərclərinin isə əvvəlki qaydada müvafiq olaraq 128,548 mln. manat və 57,721 mln. manat saxlanması hesabına planlaşdırılır.
Bu ilin dövlət büdcəsində gənclər siyasəti və turizm xərclərinin 45 faiz artırılması barədə fikir bildirən İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, turizmin inkişafı istiqamətində xərclərin artırılması qeyri-neft sektorunu daha da gəlirli edəcək: “Xatırladım ki, büdcə dəyişikliyinin həyata keçirilməsinə dair Maliyyə Nazirliyinin izahatında qeyd olunur ki, bunda məqsəd ölkə əhalisinin sosial müdafiəsini daha da gücləndirmək, dövlətin, müdafiə və təhlükəsizliyini artırmaq, o cümlədən turizm və bir sıra sosial infrastruktur layihələrin həyata keçirilməsidir. Gənclər siyasəti, bədən tərbiyəsi və turizm xərclərinin artırılması qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi daşıyır. Bu səbəbdən qeyd olunan sahələr üzrə xərclərin artırılması təqdir olunmalıdır. Neftin satış qiyməti yüksəldiyi üçün, son zamanlar xarici valyuta gəlirlərimiz artıb. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər artıq öz nəticəsini verir”.
Həmsöhbətimiz hesab edir ki, turizm xərclərinin artırılması bu sektorda gəlirliyi artırmaq məqsədi daşıyır: “Belə olan halda, ölkə turizmi qısa müddətdə sürətlə inkişaf edəcək. Eyni ilə, bir sıra sahələrdə xərclərin artırılmasının məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
Günel CƏLİLOVA