Fatimə Hacıbəyli: “Sahibkarlıqla məşğul olan qadınların sayının artması əlavə iş yerlərinin yaranması deməkdir”
Qadınların sahibkarlıq fəaliyyəti sadəcə Azərbaycanın deyil, həm də digər ölkələrin aktual məsələlərindən birinə çevrilib. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artırılmasına kömək edir.
Son zamanlar sahibkarlığın inkişafı istiqamətində aparılan işlər qadın sahibkarların sayına təsir göstərir. Açıqlanan statistik rəqəmlərə əsasən, qısa müddət ərzində Azərbaycanda sahibkar qadınların sayı 30 faiz artıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirib ki, cəmiyyətin yarıdan çoxunu qadınlar təşkil edir və onların hüquqlarının müdafiəsi çox vacibdir: “Qadın hüquqlarının qorunduğu cəmiyyət inkişaf edir. Bunu Azərbaycan cəmiyyətinin timsalında da görmək olar. Bu gün Azərbaycan qadını hər bir sahədə fəaldır. Bu gün elə bir sahə yoxdur ki, orada qadın fəallığı görməyək”.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, qadınlara sahibkarlıq sahəsində dəstək olmaq lazımdır. Qadın sahibkarlar əksər hallarda bütün yükü öz üzərlərinə götürürlər: “Qadın güclü olarsa, sahibkarlıqla məşğul olarsa, ailəsinə daha çox kömək edəcək. Digər bir problem isə ondan ibarətdir ki, çox az halda qadın əmlakını özü idarə edir, çox vaxt ona atası, həyat yoldaşı bu məsələdə kömək edir”.
Birlik sədrinin sözlərinə görə, sahibkarlıqla məşğul olan qadınların sayının artması sevindiricidir. Bu, qadın sahibkarlığının inkişafı ilə yanaşı, əlavə iş yerlərinin yaranması deməkdir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların iqtisadi asılılıqdan azad olmasına səbəb olur.
Həmsöhbətimiz hesab edir ki, qadın sahibkarların sayının artması səbəblərindən biri onların öz işinə məsuliyyətlə yanaşmasıdır: “Hansısa qadın hər hansı bir işi görmək üçün bankdan müəyyən məbləğdə kredit götürür. Əksər hallarda o xanımlar bankdan götürdükləri krediti vaxtlı-vaxtında geri qaytarırlar. Yəni onlar öz işlərini qururlar, həm gəlir əldə edirlər, həm də borclarını qaytarırlar”.
Günel CƏLİLOVA