İlham Şaban: “Bir sıra hallarda verilən proqnozlarda müəyyən xətalara yol verilir”
ABŞ Enerji Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb. Belə ki, Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin (EIA) proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycanda neft və kondensat istehsalı sutkada 0,80 milyon barrel təşkil edəcək.
Bununla yanaşı, ABŞ Enerji Nazirliyi növbəti il üçün də öz proqnozunu verib. Sözügedən proqnoza əsasən, 2019-cu ilin birinci və ikinci rübündə Azərbaycanda neft hasilatı sutkalıq 0,79 milyon barrel təşkil edəcək. Gələn ilin üçüncü rübündə ölkədə sutkalıq neft hasilatının həcmi 0,78 milyon barrel proqnozlaşdırılır. Dördüncü rübdə isə bu rəqəmin 0,76 milyon barrel olacağı proqnozlaşdırılır.
Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin açıqlamasında o da bildirilir ki, Azərbaycanda hasil olunan neftin əsas həcmi "Azəri-Çıraq-Günəşli" blokunun üzərinə düşür.
Ümumilikdə, ABŞ Energetika Nazirliyi hər il dünyada neft hasilatı ilə bağlı proqnoz verir. Bu zaman müxtəlif məlumatlardan istifadə olunur. O baxımdan maraqlıdır, Azərbaycanla bağlı proqnoz nəyə əsasən hazırlanıb?
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Azərbaycanla bağlı məlumatlar Energetika Nazirliyindən alınır: “Onların burada əlavə tədqiqat aparmaq üçün hər hansı bir özlərinin əməkdaşları və yaxud da ki, əməkdaşlıq haqqında sazişi yoxdur. Ö cümlədən, istər OPEC olsun, istərsə də digər təşkilatların belə bir imkanı yoxdur. Sözügedən qurumların hamısı Azərbaycan Energetika Nazirliyindən aldıqları məlumatlar və özlərinin apardıqları təhlillər əsasında proqnozlar verirlər. Ancaq o da var ki, bir sıra hallarda verilən proqnozlarda müəyyən xətalara yol verilir. Çünki mən 10 ildir bunları izləyirəm. Hətta elə olub ki, bizim statistikanın açıqladığı məlumatlarla onların açıqladığı statistikalar arasında 10 faizdən çox fərq olur. Görünür, uzun müddət proqnozların verilməsi ilə bağlı hazırlıq gedir və bu səbəbdən operativ məlumat almırlar. Ola bilsin ki, buna nəzarət etmirlər və sadəcə öz bildikləri məlumatları əlavə edib onu yayırlar. Digər tərəfdən, bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan kimi ölkələr bazara, bazardaki qiymət faktoruna təsir edə biləcək ölkələr deyil. Hətta Azərbaycanın ən çox neft hasil etdiyi 2010-cu ildə belə bazardakı qiyməti formalaşdırmaq gücümüz olmayıb. Ona görə də bu kimi ölkələrdə bu cür xətaların olması, baş verməsi mümkündür. Həttra BP-nin özünün hesabatlarında belə bəzi yanlışlıqlar olur. O üzdən, bu kimi proqnozlar istər birjalarda, istərsə də dünya bazarındakı neft aktivlərinə dair hər hansı məlumatlarda bir təlatüm yaradacaq hadisə deyil. Ancaq söhbət Rusiyadan, Səudiyyə Ərəbistanından, İrandan, İraqdan, Venesuelladan gedirsə, bu, bazarlara öz təsirini göstərir. Yəni onlarda kiçicik bir dəyişiklik o saat bazarda çox böyük təlatümlərə gətirib çıxara bilir”.
Vidadi ORDAHALLI