Könül Nuriyeva: “... aqrar məhsulların istehsalının artması ilə yanaşı, onların yerli və xarici bazara çıxmasını tezləşdirər”
Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” təsis edilib. Şirkətin məqsədi fermerlərə metodiki tövsiyələrin verilməsi, tədarük şirkətləri ilə fermerlərin əlaqələrinin qurulmasına dəstək, fermerlərin bazara çıxışı istiqamətində məsləhət xidmətlərinin verilməsi, aqrar sahədə sosial məsuliyyət anlayışı çərçivəsində maarifləndirici xüsusi bülletenlərin və digər nəşrlərin buraxılmasından ibarətdir.
Onu da qeyd edək ki, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova təyin olunub.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan “Dövlət Aqrar Ticarət Şirkəti”nin təsis olunması və bu şirkətin aqrar sahəyə təsiri barədə danışan iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, aqrar sahənin inkişafı ilə bağlı şirkətlərin yaradılması müsbətdir: “Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sahəsini inkişaf etdirmək hazırda qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu baxımdan aqrar islahatların aparılması sevindiricidir. Məlumdur ki, son illər qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Etiraf edək ki, əvvəllər aqrar sahə arxa planda qalmışdı. Belə olan halda, aqronomlar yeniliklərdən xəbərdar deyildilər. Yeni yaradılan şirkətin aqrar sektorun inkişafında xüsusi rolu olacaq. Bu sektorun daha da inkişafı üçün xaricdən mütəxəssislər cəlb edə bilər. Xarici mütəxəssislər öz bilik və bacarıqlarını yerli kadrlarla bölüşərlər”
Həmsöhbətimizin sözlərinə görə, “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin yaradılması daha çox məhsul istehsal olunmasına səbəb ola bilər. Bu tip şirkətlər istehsalın artması ilə yanaşı, onun yerli və xarici bazara çıxmasını tezləşdirər. Beləliklə, ölkənin aqrar sektoru daha da inkişaf edər.
Günel CƏLİLOVA