Fikrət Yusifov: “Azərbaycanın xarici ticarətində müsbət saldonun yaranması səbəblərindən biri neftin satış qiymətinin yüksəlməsi hesabına ölkəyə daxil olan valyutanın həcminin artmasıdır”
2018-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. dollar, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb. Hesabat dövründə faktiki qiymətlərlə ölkədən 29,7% çox məhsul ixrac olunub, idxal edilmiş məhsulların dəyərində 39,8% artım müşahidə edilib.
Son 5 ayda Azərbaycanın xarici ticarətində 3,3 mlrd. dollarlıq müsbət saldo yaranması barədə fikir bildirən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, ötən ilin sonlarından etibarən Azərbaycanın ticarət balansında müsbət saldo müşahidə olunmağa başlayıb. Bu, ilk növbədə, neftin satış qiymətinin yüksəlməsi hesabına ölkəyə daxil olan valyutanın həcminin artması ilə bağlıdır: “Bəllidir ki, neftin qiyməti davamlı olaraq yüksələrək 80 dollara çatıb. Bu isə o deməkdir ki, Azərbaycana neft satışından daxil olan valyutanın həcmi artıb. Bəllidir ki, 2017-ci ildə valyuta ehtiyatlarımız 4 milyard artıb. Belə olan halda, ümumi ticarət balansında müsbət saldonun 3,3 milyard təşkil etməsi heç də təsadüfi deyil”.
Həmsöhbətimiz onu da vurğuladı ki, neft sektoru ilə yanaşı, qeyri-neft sektoru ixracında inkişaf yaşanır. Ötən illə müqayisədə ixracatda 35-36 faiz artım qeydə alınmışdı: “Gələcəkdə də qeyri-neft sektoru ixracının artması gözləniləndir”.
Günel CƏLİLOVA