Nüsrət İbrahimli: “Vətəndaşlar elektron çıxarış əldə edəcəklər”
Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. Dəyişikliyə əsasən, Qaydalara “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib.
Beləliklə, ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul ediləcək. İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq. Qeydiyyat müddəti mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunacaq.
Bu ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstəriləcək. Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq.
Daşınmaz əmlakın qeydiyyat prosedurunun 1 gün ərzində həll olunması vətəndaşların işinin qısa müddət ərzində həll olunmasına səbəb olacaq.
Məsələ ilə bağlı fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, prosedurun sadələşdirilməsi vətəndaşların işinin rahat və qısa zaman çərçivəsində həll olunmasına səbəb olacaq: “Bəllidir ki, əvvəllər vətəndaşlar qeydiyyat sənədini almaq üçün idarədə uzun zaman itirirdilər. Növbəyə yazılma insanların əsəblərinə təsir göstərirdi. Ancaq indi bu işlərin 1 gün ərzində baş tutması ilə yanaşı, vətəndaşlar elektron çıxarış əldə edəcəklər. Köhnə çıxarışların dəyişdirilməsinin tezləşdirilməsi, həmçinin, ilkin çıxarışların alınması da sadə formada olacaq. Prosesin sadələşdirilməsi vətəndaşların xeyrinə olacaq. İlk olaraq onlar vaxt itkisi ilə qarşılaşmayacaqlar. Onu da nəzərə almaq lazımdır ki, sənədləşmənin tezləşməsi əmlakın dövriyyə sürətinə təsir göstərəcək”.
Həmsöhbətimiz onu da vurğuladı ki, daşınmaz əmlakın qeydiyyat prosedurunun 1 gün ərzində həll olunması əmlak bazarına təsir etməyəcək. Nə aktivlik, nə də qiymət baxımından heç bir dəyişiklik müşahidə olunmayacaq.
Günel CƏLİLOVA