Ruslan Atakişiyev: “Manatın məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsindən sonra vəsaitlərin qənaətlə sərf olunması valyuta ehtiyatına müəyyən dərəcədə təsir etdi və edəcək”
"Bu ilin sonuna kimi xarici valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq". Bu sözləri Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bir neçə gün öncə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını qənaətlə istifadə edir. “Büdcəyə transferlər əhəmiyyətli dərəcədə azalıb. İdxal əhəmiyyətli dərəcədə azalıb. Bu da bizə imkan verir ki, nəzərdə tutulan layihələri yerinə yetirək. Bu ilin üç ayında valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44 milyard dolları ötüb. Mövcud bazar konyukturasından istifadə edərək neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatları artacaq”.
Qeyd edək ki, bu günə bir sıra beynəlxalq və yerli təşkilatlar, o cümlədən dövlət qurumları belə, cari ilin sonuna kimi valyuta ehtiyatlarının artması fikrini irəli sürmüşlər.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Ruslan Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, xarici valyuta ehtiyatlarının artmasına bir sıra faktorlar səbəb olacaq: “İlk olaraq bildirim ki, enerji resurslarının xarici bazara çıxarılması valyuta ehtiyatının artmasına təsir göstərir. Azərbaycanın neft məhsullarına dünya bazarında tələbatın yüksək olması valyuta ehtiyatının artmasına təsir edən əsas faktorlardan biridir”.
Həmsöhbətimizin sözlərinə görə, manatın məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsindən sonra vəsaitlərin qənaətlə sərf olunması valyuta ehtiyatına müəyyən dərəcədə təsir etdi və edəcək.
R.Atakişiyev onu da bildirdi ki, valyuta ehtiyatının artmasına təsir edəcək səbəblərdən biri də ixracyönümlü məhsulların istehsalına xüsusi qayğının göstərilməsidir. Aqrar məhsulların xarici bazarlara çıxışının artmasının gələcəkdə valyuta ehtiyatının formalaşmasına öz təsiri olacaq.
Günel CƏLİLOVA