Rəşad Həsənov: “Bu, Azərbaycanın tranzit gəlirlərinin artmasına səbəb ola bilər”
Xəbər verildiyi kimi, İran Azərbaycan üzərindən üçüncü ölkələrin bazarlarına çıxır. Ötən il ərzində İran Astara gömrük məntəqəsindən 220 milyon dollar həcmində ixrac əməliyyatı həyata keçirib. Bu barədə İranın Astara gömrük idarəsinin rəisi Rəsul Ümidi media nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, İran Azərbaycan üzərindən Gürcüstan və Rusiya kimi üçüncü ölkələrin bazarlarına çıxış əldə edib.
İranın Azərbaycan üzərindən üçüncü ölkələrin bazarlarına çıxışı ölkə iqtisadiyyatına necə təsir göstərəcək?
İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İranın Azərbaycan üzərindən üçüncü ölkələrin bazarlarına çıxışı ölkə iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərəcək. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən regionunun strateji tranzit bölgəsinə çevrilmək siyasətini həyata keçirir. Bu istiqamətdə zamanla müxtəlif işlər görülüb: “Nəqliyyat və dəmir yolu daşınmaları işləri həyata keçirilib. “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi layihələr Azərbaycanın tranzit əhəmiyyətinin artırılmasına hesablanıb. Hazırda bu qədər struktur layihələrin həyata keçirilməsindən sonra görüləcək işlərdən biri uyğun limitin yaradılmasıdır. Təşviqediciliyin artırılması vasitəsilə Azərbaycan üzərindən daşınmalar artırılmalıdır. Söhbət yük və sərnişin daşınmasından gedir. Bu məqsədlə də müəyyən addımlar atılıb. Bəllidir ki, gömrük-keçid məntəqələrində yaşıl dəhliz mexanizminin tətbiq olunması, beynəlxalq nəqliyyat daşınmalarının norma və standartlarının beynəlxalq dərəcəyə uyğunlaşdırılması kimi işlər görülüb. Hazırkı vəziyyətdə müəyyən qədər tranzaksiya xərclərinin azaldılması istiqamətində addımlar atılarsa, bu, Azərbaycan üzərindən daşınmaların daha da artmasına səbəb olacaq. Onu da nəzərə almaq lazımdır ki, İranın Rusiya ilə iqtisadi əlaqələri kifayət qədər genişmiqyaslıdır. Azərbaycan bu imkanlardan istifadə edərək tranzit gəlirləri əldə edə bilər. O cümlədən, Gürcüstana da məhsulların ixrac edilməsi ölkənin tranzit hədəflərinə uyğunlaşdırılaraq istifadə oluna bilər”.
Həmsöhbətimiz hesab edir ki, hazırda Xəzər üzərindən Rusiyaya daşımalar daha sərfəlidir. Ancaq bununla yanaşı, Rusiyanın cənub ərazilərinə Azərbaycan üzərindən daşınmalar daha sərfəli olar. Bu, Azərbaycanın tranzit gəlirlərinin artmasına səbəb ola bilər.
Günel CƏLİLOVA