Könül Nuriyeva: “Mingəçevir və Şəkidə toxuculuq mərkəzlərinin açılaraq fəaliyyət göstərməsi, o cümlədən, yerli kadrların bu sahəyə cəlb olunması idxalın azaldılmasına səbəb olur”
Azərbaycanın toxuculuq sənayesi olduqca dərin və qədim köklərə, çoxəsrlik tarixə malikdir. Toxuculuq sənayesinin inkişafı istiqamətində görülən işlər artıq öz müsbət bəhrəsini verir. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda toxuculuq sənayesi 65,8 faiz artıb. Bu ilin ilk iki ayında toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 55 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə dəri və dəri məmulatları, ayaqqabı istehsalında 4,7 dəfə, toxuculuq sənayesində 65,8 faiz artım, geyim istehsalında isə 48,3 faiz azalma müşahidə olunub.
Toxuculuq sənayesinin inkişafı barədə danışan iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, toxuculuq sənayesi Azərbaycanın ənənəvi sahələrindən biridir: “Danılmaz faktdır ki, Azərbaycan bu sahə üzrə ixtisaslaşmış ölkədir. Müstəqillik qazandıqdan sonra qeyri-neft sektoruna aid olan bu sahə bir qədər gerilədi. Ancaq son illər qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər öz müsbət bəhrəsini verməkdədir. 2017-2022-ci illər üçün qəbul edilən dövlət proqramında nəzərdə tutulan qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən işlər artıq inkişaf səviyyəsindədir”.
İqtisadçı bildirdi ki, toxuculuğun inkişafı istiqamətində dövlət tərəfindən müəyyən işlər görülür: “Mingəçevir və Şəkidə toxuculuq mərkəzləri açılaraq fəaliyyət göstərir. O cümlədən, yerli kadrların bu sahəyə cəlb olunması idxalın azaldılmasına səbəb olur”.
Həmsöhbətimizin sözlərinə görə, pambıqçılığın inkişaf etdirilməsi birbaşa toxuculuğun inkişafına səbəb olur: “Onu da deyim ki, toxuculuqla bağlı lazım olan xammal xaricdən idxal olunur. Bu da xarici ölkələrə valyutanın axmasına səbəb olur”.
K.Nuriyeva onu da əlavə etdi ki, qarşıdakı illərdə toxuculuq sahəsində inkişaf daha da artacaq.
Günel CƏLİLOVA