Vergilər Nazirliyi vergi yoxlamalarının sayını azalda bilər. “Trend”in məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, yoxlamaların sayının azaldılması nəzarət sisteminin zəifləməsi demək deyil: “Müəssisələrin fəaliyyətində vergidən yayınma halları və ya belə halların yaranması üçün risqlərin mövcudluğu aşkar olunarsa, şübhəsiz ki, vergi ödəyicisi ilə təmas qurulacaq və risqlərin aradan qaldırılmasına çalışılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi bizim məqsədimiz deyil. Məqsədimiz dövlət-sahibkar münasibətlərində qarşılıqlı etimadın artırılmasına nail olmaqdır”.
“Vergilər Nazirliyi ölkənin Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlayır” – deyən nazir bildirib ki, dəyişikliklər paketi vergi idarəetməsində sahibkarların üzləşdiyi əsas problemlərin həll olunmasına imkan yaradacaq.
Onun sözlərinə görə, dəyişikliklər gələnilki dövlət büdcəsinin formalaşdırılması prosesində müzakirələr üçün təqdim olunacaq: “Əsas diqqət leqal iqtisadiyyata keçidin təmin olunmasına yönəldiləcək. Bu prosesi elə həyata keçirməyi düşünürük ki, bu transformasiya həm sahibkarlar üçün əlverişli olsun, həm də iqtisadi məna kəsb etsin. Bu dəyişikliklərin hazırlanması üçün biz həm sahibkarlarla, həm də hökumət və parlamentlə sıx əməkdaşlıq etməyi planlaşdırırıq”.
"Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir". Bunu da"Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib.
Vergi daxilolmalarının həcminin artırılması məsələsinə toxunan nazir qeyd edib ki, nazirliyin əsas məqsədlərindən biri vergi bazasının genişləndirilməsi olacaq.
Nazir bildirib ki, bu addın iqtisadi artım tempinin sürətlənməsinə öz töhfəsini verəcək.
M.Cabbarov onu da vurğulayıb ki, vergilər sahəsində reallaşdırılan islahatlar şəffaf vergi sisteminin yaranmasına, cəlbedici vergi mühitinin formalaşmasına, eləcə də vergi idarəetməsinin keyfiyyətcə yeni səviyyəyə keçməsinə xidmət edəcək.