Vüqar Bayramov: “Hesab edirəm ki, vergi və gömrük rüsumları ilə bağlı belə bir qərarın verilməsi Azərbaycan iqtisadiyyatı üçün vacibdir”
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu, burada fəaliyyət göstərən inzibati müəssisələr, hüquqi şəxslər və onların işçiləri, rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azad olunacaqlar.
Bu, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb. Bundan başqa, azad zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən, əsas iqtisadiyyat gömrük idarəsi azad zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq.
Başqa bir tərəfdən, Ələt azad iqtisadi zonasında Biznes Xidmətləri Mərkəzi yaradılacaq. Layihəyə əsasən, mərkəz azad zonada bütün lisenziyaların, icazələrin, vizaların, təsdiqlərin və digər rəsmi sənədlərin verilməsinə məsul olacaq və “bir pəncərə” qaydasında işləyəcək.
Bundan başqa, layihədə qeyd olunub ki, azad zona səlahiyyətli qurumu azad zona daxilində sahibkarlıq və investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaları və icazələri müəyyən etmək, onlara dair tələbləri və onların verilməsi qaydalarını tənzimləmək məqsədilə daxili qaydalar formasında lisenziyalaşdırma və icazə qaydaları qəbul edəcək. Lisenziyalaşdırma və icazə qaydalarında azad zonada lisenziyalaşdırma, icazə, viza və təsdiq tələblərinin, o cümlədən müvafiq lisenziyaların, icazələrin, vizaların və təsdiqlərin sayının, onların alınması xərclərinin və müddətinin, habelə hər bir müraciət üçün lazım olan sənədlərin sayının müəyyən edilməsi və azad zonanın strateji məqsədlərinə nail olmaq üçün digər məsələlər nəzərdə tutulub.
Bütün bunlar sərmayə axınının güclənməsində və digər iqtisadi məsələlərin həllində necə rol oynayacaq?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, bu, layihənin həyata keçirilməsi üçün seçilmiş ən doğru yanaşmadır: “Söhbət Ələt azad ticarət zonasının yaradılması ilə bağlı qanunun qəbul edilməsindən gedir. Bu qanunla nəzərdə tutulan zonaya xüsusi status veriləcək. İqtisadi zona çərçivəsində pay bölgüsü və digər prosedurlar bu qanunla müəyyən ediləcək. Bütün bunlar xarici investorların zonaya cəlb edilməsinə imkan yaradacaq. Nəzərdə tutulmuş layihə baş tutacağı halda, xarici investorlar da Ələt azad ticarət zonasına investisiya yatırmağa maraqlı olacaqlar. Xarici investorların da hüquqları bu qanunvericiliklə qorunacaq. Xüsusi qanunlar olanda investorlar da bura sərmayə yatırmağa maraqlı olurlar. Belə qanunlar olanda həm öz investisiyalarını, həm də digər hüquqlarını qorumaq daha asan olur. Güzəştlərlə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi xarici investorların diqqətini ora yönəldəcək. Həmin qanuna güzəştlərin və digər öhdəliklərin də əlavə edilməsi daha məqsədəuyğundur. Belə bir zonanın yaradılması Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Nəzərə alsaq ki, Ələtdə dəniz limanı, terminal var, məkan logistik baxımından da əlverişli yerdədir, yəni nəqliyyat dəhlizi funksiyasını yerinə yetirir, bunlar da Ələtdə azad ticarət zonasının yaradılması imkanlarını genişləndirir. Bu, yerli istehsalın artırılması baxımından da vacibdir.Yəni bu, yeni istehsal imkanları deməkdir. Bu istehsalı təşkil etməklə həm zonaya diqqəti artıra bilərik, həm də ölkənin iqtisadi imkanlarını genişləndirmiş olacağıq. Hesab edirəm ki, vergi və gömrük rüsumları ilə bağlı belə bir qərarın verilməsi Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Bu, xarici investisiyanın ölkəyə cəlb edilməsini sürətləndirəcək”.
Vidadi ORDAHALLI