Pərviz Heydərov: “Bu, hökumətin apardığı uğurlu islahatların nəticəsidir”
Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı illik müqayisədə 16,7% artaraq 2018-ci il yanvarın 1-nə 1 719 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Hesabat tarixinə ölkədə qeydiyyata alınmış fərdi sahibkarların 0,2 %-ni maliyyə fəaliyyəti ilə məşğul olanlar əhatə edib.
Qeyd edək ki, ötən ilin sonuna hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 min təşkil edib. Fərdi sahibkarların 222 853 nəfəri və ya 28,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 201 121 nəfər və ya 25,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri fəaliyyəti ilə məşğul olub. Sahibkarlıqla məşğul olanların əsas hissəsi Bakıda (29,6%), Aran (20,9%), Gəncə-Qazax (14,0%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Azərbaycanda maliyyə fəaliyyəti ilə məşğul olan sahibkarların sayının artmasına münasibət bildirən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu, hökumətin apardığı uğurlu islahatların nəticəsidir: “2016-cı ilin yanvar ayından etibarən hökumətin ölkə iqtisadiyyatı ilə bağlı apardığı islahatların nəticəsi artıq öz bəhrəsini verir. Bundan əlavə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər üzrə kənar müdaxilələrin qarşısının alınması, yoxlamaların dayandırılması vaxtının müvəqqəti uzadılması fərdi sahibkarlığa marağı artırdı. Görülən işlər sahibkarların öz işinə inamını artırdı. Sahibkarların əldə etdiyi gəlirin böyük bir qismi onların öz əllərində qaldı”.
Həmsöhbətimizin sözlərinə görə, sahibklarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan şəxslərin bu sahədə ilk addımlar atmasına dəstək göstərildi. Sahibkarlıqla məşğul olanların sayının artması sevindiricidir.
P.Heydərov onu da qeyd etdi ki, 2016-cı ildə neftin qiyməti düşəndən sonra qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə ölkədə sahibkarlıq şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi işlər görüldü. Görülən işlər artıq öz müsbət bəhrəsini verir: “Aparılan ardıcıl işlər sahibkarların sayının artmasına təsir göstərir. Hesab edirəm ki, sahibkarlıqla məşğul olanların sayı daha da artacaq. Onu da nəzərə almaq lazımdır ki, ölkənin ixrac potensialını artırmaq, qeyri-neft sektorunun inkişafını yüksək səviyyədə təmin etmək məqsədilə görülən tədbirlər davam edir. Bu günlərdə Prezident xarici investisiyaların ölkəyə axınını təmin etmək üçün qanunvericilik və digər sahələrdə təkmilləşdirmə işinin aparılması ilə bağlı müvafiq sərəncam imzalayıb. Bu həm də daxildə sahibkarlıq mühitinin yaxşılaşdırılmasını tələb etdiyi üçün, yaxın illər ərzində daha çox inkişaf hiss olunacaq”.
Günel CƏLİLOVA