Ruslan Quliyev: “İnsanın təhlükəsizliyi nəzərə alınmayan məkanda turizmin inkişafından danışmaq olmaz”
Otellər və Restoranlar Assosiasiyası (DAIR) ölkədə səyahət edən daxili turistlərin və ekskursantların sığortalanmaması faktından narahatlığını bildirir. Assosiasiyanın yaydığı məlumatda qeyd olunur ki, həm daxili turistlər, həm də xaricə səyahət edən turistlər müxtəlif fors-major hallar və təhlükələrlə qarşılaşa bilərlər.
Məlumatda bildirilir ki, ölkənin regionlarına səfər edən turistlər arasında sığortalananların sayı olduqca azdır. Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyatsızlıqdan vura bildikləri zərərlə üzləşdikləri zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdikləri otelə problemlər yarada bilərlər. Bu risqlərin minimuma endirilməsi üsullarından biri də sığortadır: “Assosiasiyanın araşdırmasına görə, qüvvədə olan “Turizm haqqında” və “Sığorta fəaliyyəti haqqında” AR qanunlarında turistlər üçün nəzərdə tutulmuş səfər sığortasına çox az diqqət yetirilir. Daxili turistlər və səyahətlər haqqında heç bir qeyd yoxdur. Bu qanunlarda səfər sığortası anlayışı açıqlanır və turistin sığortalanmasına yalnız onun tələbilə, turizm şirkətləri tərəfindən köməklik göstərilməsi qeyd edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50-ci fəslində isə səfər sığortası haqqında heç bir qeydlər göstərilməyib. Hazırda qəbul edilməsi gözlənən “Turizm haqqında” qanun layihəsində turistlərin təhlükəsizliyinə və turizm sahəsində istehlakçıların sığortalanmasına dair müvafiq maddələr ayrılıb. Yalnız yeni qanunda da daxili turistlərin və ekskursantların sığortalanmasına az diqqət yetirilir”. Daxili və xarici turistlərin sığortalanmasının vacibliyi barədə danışan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, vətəndaşlar Azərbaycandan xarici ölkələrə səyahət edən zaman onlar şirkətlər tərəfindən “səfər” sığortası ilə təmin olunur: “Ancaq ölkəmizə gələn turistlərin sığorta olunması bəzi şirkətlər tərəfindən nəzarətdən kənar qalır. Bəzi hallarda bu hal turizm paketinin qiymətinə daxil olduğu üçün, müəyyən şirkətlərin diqqətində olmur. Ancaq hesab edirəm ki, bu, dövlətin marağında olan məsələdir. Çünki ölkəmizə gələn turistlərin səfər, qida, nəqliyyat təhlükəsizliyi kimi məsələlər nəzərə alınmalıdır. Ümumiyyətlə, turizmdə təhlükəsizlik deyəndə ilk olaraq insan faktoru nəzərə alınmalıdır. İnsanın təhlükəsizliyi nəzərə alınmayan məkanda turizmin inkişafından danışmaq olmaz”.
Həmsöhbətimizin fikrincə, turistlərin icbari sığorta olunması gələcəkdə yerli turizm şirkətlərinin fəaliyyətinə müsbət təsir göstərər.
Günel CƏLİLOVA