Vüqar Bayramov: “Bu ondan xəbər verir ki, şirkət sözügedən müddətdə öz fəaliyyətini genişləndirə bilib”
Məlum olduğu kimi, SOCAR-ın dövlət büdcəsinə etdiyi ödənişlərin həcmi əvvəlki illərlə müqayısədə artıb. Belə ki, 2017-ci il ərzində dövlət büdcəsinə edilmiş ödənişlər 1 milyard 511 milyon 33 min manat təşkil edib ki, bu da 2016-cı il ilə müqayisədə 8,3 faiz çoxdur. Bundan başqa, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödənilib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8 faiz artım təşkil edib.
SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin artırılması şirkətin sabit maliyyə durumunun göstəricilərindəndir. Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, SOCAR Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə irəliləyərək, son illərdə əməliyyat portfelini genişləndirməyə və şaxələndirməyə davam edib: “Həyata keçirdiyimiz beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyduğumuz sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərib, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaradıb. Bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb”.
Maraqlıdır, bəs ekspertlər ödənişlərin artmasını necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov buna bir neçə kontekstdən yanaşdı: “Ümumilikdə, SOCAR dövlət büdcəsinə daha çox ödəniş edən qurumlardan biridir. Nəzərə almaq lazımdır ki, SOCAR hasilatın pay bölgüsündə Azərbaycanı təmsil edir. Eyni zamanda, sözügedən şirkət qazın istehsalı və satışı ilə məşğuldur. Bütün bunların nəticəsində SOCAR ən çox gəlirlə işləyən şirkətə çevrilib. Nəzərə almaq lazımdır ki, SOCAR-ın büdcə qarşısındaki öhdəlikləri Azərbaycan üçün kifayət qədər vacibdir. Nəticə etibarilə bu öhdəliklər büdcənin formalaşmasında mühüm rol oynayır. O baxımdan SOCAR-ın büdcə gəlirlərinin formalaşmasında payının əvvəlki illərə baxanda artması müsbət tendensiyadır. Ona görə ki, bu həm büdcə gəlirlərinin formalaşması, həm də SOCAR-ın fəaliyyətinin genişləndirilməsi baxımından vacibdir. Çünki SOCAR-ın büdcə qarşısında öhdəliklərinin və ödənişlərinin artması ondan xəbər verir ki, adıçəkilən şirkət sözügedən müddətdə öz fəaliyyətini genişləndirə bilib. Bunun nəticəsində büdcəyə daxilolmaların həcmi artıb. Hesab edirəm ki, bütün bunlar SOCAR-ın daha geniş və dinamik fəaliyyət göstərməsinə öz müsbət təsirini göstərəcək. O baxımdan bütün bunlara müsbət prizmadan yanaşıram. Hesab edirəm ki, bu, ümumi işin xeyrinə olacaq”.
Vidadi ORDAHALLI