Vüqar Bayramov: “Likvidliyin bərpa olunması üçün Azərbaycanda bankların sağlamlaşdırılması ilə bağlı xüsusi bir proqramın hazırlanıb qəbul olunmasına ehtiyac var”
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan bankları ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir: “Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti risqləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.
Maraqlıdır, banklarda milli valyuta ilə likvidlik probleminin olması hansı çətinliklərə səbəb olur? Bu problemin aradan qaldırılması üçün nə etmək lazımdır?
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklar üçün likvidlik çox vacibdir: “Ümumiyyətlə, banklarda likvidliyin artırılması və nağd likvidliyin formalaşmasına ehtiyac var. 2014-cü ildən sonra müşahidə olunan problemlərdən biri banklarda nağd likvidliyin aşağı olması ilə bağlıdır. Bu hal bank üçün müəyyən çətinliklər yaradır”.
Həmsöhbətimizin fikrincə, likvidliyin artırılması üçün bankların sağlamlaşdırılması prosesinin davam etdirilməsinə ehtiyac var: “Əvvəllər bir sıra banklardan palstik kartlarla vəsait çəkilən zaman onun nağdlaşdırılmasında problem yaşanırdı. Məlumat üçün bildirim ki, 2017-ci ildə bu problemlərin bir qismi həll olunub. Ən azı, 20 bankda likvidliyin bərpa edilməsinə nail olunub. Ancaq bu proses davam etdirilməlidir. Bütün banklarda likvidliyin bərpa olunmasına ehtiyac var. Problemli kreditlərin həcminin artması və kredit portfeli məbləğinin azalması bankların likvidliyinə təsir göstərən səbəblərdən biridir”.
V.Bayramov hesab edir ki, likvidliyin bərpa olunması üçün Azərbaycanda bankların sağlamlaşdırılması ilə bağlı xüsusi bir proqramın hazırlanıb qəbul olunmasına ehtiyac var. Kommersiya banklarının sağlamlaşdırılması onların likvidliyinin bərpa olunmasına səbəb olar.
Günel CƏLİLOVA