Bahadur Bilalov: “Ərəblər Azərbaycan turizmi ilə bağlı uzunmüddətli proqnoz hazır ediblər və onlar bilirlər ki, yaxın 10 il ərzində ərəb dünyasından ölkəmizə çoxlu turist gələcək”
Azərbaycanda turizm artıq yüksəliş mərhələsini yaşayır. Ölkəyə gələn turistlərin sayı artır və bu prosesin davamlı xarakter alması gözlənir. Otellər, xidmət obyektləri, iaşə müəssisələri də artan turizm axınından məmnunluqlarını ifadə edirlər.
Ölkəmizi seçən turistlər arasında ərəb ölkələrindən gələnlərin sayı üstünlük təşkil edir. Ərəblər ölkəmizə tək səyahət məqsədilə deyil, sərmayə yatırmaq niyyətilə də gəlirlər. Məlumata görə, ərəb investorları Bakıda daşınmaz əmlak obyektlərini satın almağa başlayıblar.
Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov media nümayəndələrinə açıqlamasında bildirib ki, Bakıda daşınmaz əmlak obyektləri, xüsusilə yeni bina və otellərlə maraqlanan ərəblərin sayı artıb. Ərəblər hətta paytaxtda otel inşaatı şərtləri ilə maraqlanırlar.
“Müraciətlərin əksəriyyəti Qətər, İraq vətəndaşları tərəfindən daxil olur, çünki həmin ölkələrdən gələn turistlərin sayı son vaxtlar artıb. Bakını seçdikləri üçün buradan otellər alaraq öz turistlərinə xidmət göstərmək istəyirlər. Adətən ərəblər getdikləri yerlərdə öz mətbəxlərinin olmasını istəyirlər. Bu da əsas səbəblərdən biridir”.
Onun sözlərinə görə, ərəblər daha çox şəhərin mərkəzi hissələrində olan tikililərlə maraqlanırlar. Bir neçə otel artıq satışa çıxarılıb: “Məhz hansı otellərin satışa çıxarıldığını açıqlaya bilmərik”.
Ərəb investorların Bakıda otel almaq istəyi gerçəkləşərsə, bunun gələcəyi necə ola bilər? Bu hal ölkə turizminə necə təsir edəcək?
Suallarımızı cavablandırmaq məqsədilə turizm sahəsi üzrə mütəxəssis Bahadur Bilalova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dünya təcrübəsində xarici vətəndaşlar istədiyi ölkədə otel alıb işlədirlər: “Hesab edirəm ki, xarici investorların turizm sektoruna, otel sahəsinə vəsait qoyması ölkəmizdə turizmin inkişafından xəbər verir. Xarici investorun Azərbaycan turizm bazarına maraq göstərməsi sevindiricidir. Nəzərə almaq lazımdır ki, xarici investor ölçüb-biçməmiş heç bir sahəyə maliyyə ayırmaz”.
Həmsöhbətimizin fikrincə, ərəblər Azərbaycan turizmi ilə bağlı uzunmüddətli proqnoz hazır ediblər. Onlar bilirlər ki, yaxın 10 il ərzində ərəb dünyasından ölkəmizə çoxlu turist gələcək. Bu səbəbdən də onlar çalışırlar ki, mütəmadi olaraq səyahət etdikləri ölkədə öz otelləri olsun: “Onu da nəzərə almaq lazımdır ki, ərəblər tərəfindən alınacaq otellərdə yerli vətəndaşlarımız da çalışacaq. Həmin mehmanxanalara xüsusi nəzarət olunacaq”.
B.Bilalovun sözlərinə görə, ərəb investorların ölkəmizdə otel alıb istifadə etməsi beynəlxalq təcrübənin öyrənilməsinə səbəb olacaq: “Bu halın Azərbaycan turizminə yalnız müsbət təsirləri olacaq”.
Günel CƏLİLOVA