"Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla, 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb". Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib.
Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb.
“Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, - deyə agentlikdən bildirilib.
Agentlik Azərbaycanda bank sisteminin kapitallaşmasının artırılmalı olduğunu da bildirib. Agentliyin mütəxəssisləri qeyd edir ki, Beynəlxalq Bankın restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalıdır.
“Buna səbəb Beynəlxalq Bankın aktivlərinin həcminə görə hələ də bazarda ən yüksək – 27% paya sahib olmasıdır. Buna baxmayaraq, yüksək kredit xərcləri və xarici valyuta risqləri səbəbindən kiçik özəl bankların kapitallaşması təzyiq altındadır. Bundan başqa, tənzimləyici tərəfindən banklara qarşı sərtləşdirici tədbirlərin görüləcəyi də istisna deyil. Bu isə bankların əlavə olaraq yenidən kapitallaşmasını tələb edə bilər”, - deyə agentlikdən bildirilib.
Açıqlamasında “Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək”- deyilən Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır. “Manatın devalvasiyasından sonra problemli bankların aktivlərinin keyfiyyəti pisləşib. Hazırda bağlanmaq təhlükəsi ilə üzləşən banklar, səhmdarlar və daha güclü bazar iştirakçıları tərəfindən kapital inyeksiyası həyata keçirilməsinə baxmayaraq, minimum kapital adekvatlığı əmsalına cavab verməyən banklardır. Buna görə də sektorun zəif oyunçuları 2018-ci ildə bazarı tərk edəcək”, - deyə "Moody's"dən bildirilib.
Agentlikdən verilən açıqlamada o da qeyd olunub ki, hazırda Azərbaycanın bank sektoru ilə bağlı proqnoz neqativdir: “Bu proqnoz onu göstərir ki, mövcud şəraitdə banklar ödəmə qabiliyyəti risqləri ilə üzləşməkdə davam edəcək. Neft qiymətlərinin yüksəlməsi tədricən iqtisadi inkişafa və manatın məzənnəsinin sabitləşməsinə dəstək olub. Buna baxmayaraq, bankların milli valyutada likvidlik problemi davam edir. Bundan başqa, problemli kreditlərinin həcmi də yüksək olaraq qalır”.
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan bankları ilə bağlı kapital ssenarisi təhlili hazırlayır. Agentliyin analitikləri qeyd edir ki, hazırda 5 bankın reytinq qiymətləndirilməsi aparılır. “Sektorun aktivlərinin, demək olar ki, yarısı bu bankların əlində cəmləşib. Əsas ssenariyə görə, reytinqdə iştirak edən beş bankdan ikisinin kapital çatışmazlığı var və bu banklara xarici maliyyə dəstəyi lazımdır”, - deyə agentlikdən bildirilib.
Baki-xeber.com